Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) dövri mətbuat fondunun təqdimatı keçirildi.
AMEA MEK-in direktoru Leyla İmanova 2017-ci ilin ilk təqdimatının məhz dövri mətbuat fonduna aid olmasının əhəmiyyətindən, 2016-cı ilin yekunlarından və MEK-i fərqləndirən nailiyyətlərdən danışdı. Bildirdi ki, Azərbaycan kitabxanaları arasında ilk dəfə elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi tətbiq edən kitabxana MEK olub. Azərbaycan kitabxanaları arasında ən qədim 17 kitab MEK-də mühafizə olunur. “Nəşriyyat haqqında Qanun”a islahat yönümlü təkliflər ilk dəfə olaraq MEK tərəfindən verilib. MEK Azərbaycan kitabxanaları arasında ilk dəfə Vahid İdarəetmə Sistemini – müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması, inteqrasiyası, nəzarətdə saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarəedilməsi sistemi – hazırlayıb tətbiqinə başlayan kitabxanadır. MEK Azərbaycanda ilk dəfə Milli Rəqəmsal Yaddaş layihəsini hazırlayıb qeydiyyat, rəqəmsallaşdırma və qorunub saxlanılma prosesləri işlək səviyyəyə gətirən kitabxanadır. MEK Azərbaycanda türkdilli mənbələrin ən böyük e-kataloquna (94000) malik kitabxanadır. Bildirdi ki, e-kataloqda və fondlarda rutin axtarış nəticəsində Azərbaycanda 17 ən qədim kitabı aşkar edilmiş və rəqəmsallaşdırılmışdır. Bundan əlavə, L.İmanova iştirakçıların diqqətinə çatdırdı ki, Vikipediya elektron ensiklopediyasının Azərbaycanca dil bölməsində məqalələrin yerləşdirilməsi və redaktə edilməsi sistem şəklini almış, MEK əməkdaşları tərəfindən və MEK əməkdaşlarının Vikipediya mövzusunda keçdiyi təlim iştirakçıları tərəfindən yerləşdirilən məqalələrin sayı sürətlə artmış, Vikipediya elektron ensiklopediyasının Azərbaycanca dil bölməsində Azərbaycan Milli Ensiklopediyasından məqalələrin yerləşdirilməsinə başlanılmışdır. Son iki ay ərzində 300-ə yaxın məqalə yerləşdirilmişdir. L.İmanova onu da bildirdi ki, Vikipediyada Azərbaycana aid materialların sistemli şəkildə daha da sürətli, həcmli və peşəkar səviyyədə aparılması məqsədilə “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda AMEA institutları və kənar təşkilatlara təlimlər silsiləsinə başlanılmış, 170 iştirakçıya 28 təlim keçirilmişdir.
VOİCEPRESS xəbər verir ki, tədbirdə MEK-in oxuculara illik xidmətlərin göstərilməsi ilə bağlı bəzi açıqlamalar da verildi. Bildirildi ki, AMEA qurumu olaraq, MEK AMEA əməkdaşları üçün 2016-cı ildə tətbiq edilmiş illik abunə haqqını olduğu kimi saxlayır, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, AMEA magistrantları və bütün qrup əlillər üçün isə illik oxucu kartları ödənişsiz verilir. Yeni qiymətlər yalnız AMEA kontingenti olmayan və yuxarıda səsləndirilən imtiyazlı qruplara aid olmayan kənar şəxslər üçün tətbiq olunur. İllik abunə haqqının artırılması Azərbaycan Respublikasının qanunvericiliyinə, AMEA və MEK nizamnamələrinə zidd deyil. Artımın səbəbi kimi – yeni və müasir kitabxanada fərqli xidmətlərin göstərilməsi və təhlükəsizlik sisteminin gücləndirilməsinə olan ehtiyaclar göstərildi.
MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü təşkil olunan tədbirlərdə, xüsusən təqdimatlarda geniş ictimaiyyətin iştirak etdiyini dilə gətirdi. O, görülən işlərin obyektiv şəkildə işıqlandırılmasında medianın ciddi dəstəyini hiss etdiklərini açıqladı. M.Göyüşlü vətəndaşlara MEK-in 24 min kvadratmetr ərazidə fərqli və müasir xidmətlərin göstərilməsi, kitabxanada olan informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi üçün qiymət dəyişikliyi etdiyini və bunun zərurət olduğunu açıqladı.
Daha sonra, kitabxananın İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Roksanə Səfərzadə təqdimatla çıxış edərək, MEK-in dövri mətbuat fondu barədə ətraflı məlumat verdi.
Mərkəzi Elmi Kitabxananın Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova bildirdi ki, MEK-də dövri mətbuat fondunda sənədlərin ümumi sayı 374550-dir (jurnal – 313123, qəzet – 2900 komplekt, ardı davam edən nəşrlər – 58527). MEK-də ən qədim Azərbaycan jurnalı 1928-ci ilə, qəzeti 1923-cü ilə, ən qədim rus qəzeti 1905-ci ilə, ən qədim Qərbi Avropa jurnalı 1887-ci ilə, şərq dillərində ən qədim jurnal 1905-ci ilə aiddir. Bundan başqa, kitabxanada Yaponiya, Koreya, Çin jurnalları, “Türk dili dərgisi” və Türkiyəyə aid “Bülletenlər” saxlanılır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirdi ki, Mərkəzi Elmi Kitabxana Azərbaycanın sərvətidir. O, hazırda məişət mədəniyyətinin kütləvi şəkildə yayıldığı bir məqamda MEK-in ictimai rəyə elmi, mədəniyyəti gətirməklə milli yaddaşın formalaşmasında, qorunmasında mühüm rol oynadığını qeyd etdi. Elmi, informasiyanın ali forması kimi dəyərləndirən H.Babaoğlu bu istiqamətdə kitabxananın təqdirəlayiq işlərlə məşğul olduğunu açıqladı. Bu işlər üçün vəsait lazım olduğunu deyən millət vəkili MEK-in qəbul etdiyi qərara hörmətlə yanaşaraq onu dəstəklədiyini dilə gətirdi. O, Yaponiyanın ingilisdilli elmi jurnallarının MEK-ə gətirilməsi üçün təşəbbüs göstərilməsini təklif etdi. Sonda millət vəkili Azərbaycan mətbuatının Azərbaycan tarixinin gündəlik salnaməsini yazdığını qeyd edərək, qəzetlərin gündəlik buraxılışının elektron formatda MEK-in elektron bazasında da yerləşdirilməsini təklif etdi və MEK-in bu istiqamətdə gördüyü işləri də alqışladı.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, AzTV-nin “Mədəniyyət” kanalının əməkdaşı Güllü Yoloğlu çıxış edərək bildirdi ki, Mərkəzi Elmi Kitabxananın arxivində saxlanılan qiymətli sənədlərin, burada göstərilən xidmətin səviyyəsini nəzərə alaraq qiymət dəyişikliyi ilə bağlı qəbul edilmiş qərar vaxtında atılmış bir addımdır. O, bu məsələdə kitabxananı dəstəklədiyini bildirdi. G.Yoloğlu Rusiyada və Türkiyədə çıxan elmi jurnallarla yanaşı Yaponiya və Cənubi Koreyanın keçmişin sivil şəkildə yaşadılması və inkişafa yönəlmiş müasir nailiyyətlərin vəhdət modelindən istifadə edilməsini MEK-ə təklif etdi.
Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə çıxışında söylədi ki, MEK böyük inkişaf yolu keçib və müasir dövrün tələblərinə cavab verən kitabxanaya çevrilib. Onun sözlərinə görə, elektron resurslara çıxış imkanının olması MEK-i daha da cəlbedici edir. İ.Qasımzadə MEK-in qiymət dəyişikliyi ilə bağlı qəbul etdiyi qərarı dəstəklədiyini ifadə edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli isə çıxışında MEK-in fəaliyyətini digər kitabxanalar üçün bir örnək olaraq göstərdi. Onun sözlərinə görə elmi məlumatların maddiləşdirilməsi və qorunub saxlanılması vacib bir addımdır. Y.Məmmədli gündəlik qəzetlərin elektron versiyasının kitabxanaya təqdim edilməsini və burada qorunub saxlanılmasını təklif etdi. O, bu və digər fəaliyyətlərdə Mətbuat Şurasının da dəstək verməyə hazır olduğunu söylədi.
AMEA-nın beynəlxalq “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov çıxış edərək təmsil etdiyi jurnalın MEK ilə sıx əməkdaşlıq ənənəsi barədə məlumat verdi. O, eyni zamanda MEK-də göstərilən xidmətin yüksək səviyyədə təşkil olunduğunu söylədi və kitabxananın qiymət artımı ilə bağlı qəbul etdiyi yeni qərarı dəstəklədiyini açıqladı.
AMEA-nın “Xəbərlər məcmuəsi”nin və “Yer elmləri” jurnalının məsul katibi Adilə İsrafilova çıxışında bildirdi ki, “Yer elmləri” jurnalı elektron formatda mövcuddur və hər bir şəxs ondan istifadə edə bilər.
Sonda, tədbir iştirakçıları ilə MEK-in əməkdaşları kitabxananın fondlarını ziyarət etdilər və dövri mətbuatın saxlanıldığı arxivə baş çəkdilər.
VOİCEPRESS.AZ