Ukrayna prezidentinin Azərbaycana dəstəyi Rusiyaya və Ermənistana mesajdır

19 Yanvar, 14:50

Azərbaycanın kifayət qədər strateji tərəfdaşı var ki, Dağlıq Qarabağda antiterror əməliyyatına dəstək versin.

Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində xeyli ölkənin lideri və şirkət rəhbəri ilə görüşüb. Bu baxımdan Davos Forumu prezident İlham Əliyev üçün əhəmiyyətlidir. Çünki bir neçə günün içərisində onlarla vacib şəxslə görüşüb əməkdaşlıq məsələlərini və mövcud problemləri müzakirə etmək mümkündür.

VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, prezident İlham Əliyevlə o lider və şirkət rəhbəri görüşür ki, Azərbaycanla konkret istiqamətlərdə inkişaf pespektivlərini müzakirə etmək istəyirlər: “Məsələn, Davosda Azərbaycan prezidenti ilə görüşənlər arasında İraq kürdlərinin lideri Məsud Bərzani də var. Azərbaycan İraqın mərkəzi hakimiyyəti ilə əməkdaşlıq edir. Buna baxmayaraq, son zamanlar Azərbaycanla İraqın şimalı arasında da əməkdaşlıq imkanları genişlənir. Bağdad bu cür təmasların əleyhinə deyil.
Azərbaycan kimi İraqın şimalında da zəngin enerji resursları var, bir çox böyük şirkətlər burada enerji mənbələrinin işlənməsində paya malikdirlər. Azərbaycan Dövlət Neft Şirkətinin də bu çalışmalarda marağı ola bilər. Eyni ilə Məsud Barzani də Azərbaycan Dövlət Neft Şirkətinin investisiyalarında maraqlıdır. Ayrıca, son zamanlar Azərbaycana gələn turistlər arasında İraqın şimalında yaşayanların da sayı çoxalır, Bakı ilə Ərbil arasıda birbaşa uçuşlar həyata keçirilir. Bir sözlə, İlham Əliyevlə Məsud Bərzani arasında müzakirə ediləsi mövzular kifayət qədərdir”.
Mərkəzin rəhbəri Davosda yadda qalan digər görüşlər sırasında Azərbaycan prezidentinin ukraynalı həmkarı Pyotr Poroşenko ilə fikir mübadiləsini göstərib: “Poroşenko həmin görüşdə iki vacib fikir səsləndirib. Poroşenko birinci fikrində deyib ki, Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq. “Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq”.
Bu isə Ukrayna prezidentinin Qarabağla bağlı ikinci cümləsidir. Ukrayna prezidentinin hər dəfə bu sözləri deməsi vacibdir. Adətən, dövlət başçıları Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ümumi fikirlər söyləyirlər. Çox az lider var ki, “Dağlıq Qarabağdakı separatizmi qəbul etmirik” fikrini dilə gətirir. Poroşenko məhz bunu açıq deyən liderlərdəndir. Bunun başlıca səbəbi odur ki, Poroşenkonun da dediyi kimi, Azərbaycan da Krımla bağlı analoji mövqe tutur. Məsələn, Azərbaycanın Gürcüstanla əlaqələri Ukrayna ilə əlaqələrdən daha sıxdır, böyük investisiya layihələri var, gediş-gəliş intensivdir. Ancaq Gürcüstan rəsmiləri adətən “Dağlıq Qarabağdakı separatizmi pisləyirik, bu yolverilməzdir” kimi fikirlər işlətmirlər. Poroşenko isə “birdən Ermənistan Kiyevdən inciyər” kimi balanslı mövqe tutmur, Qarabağla bağlı birmənalı mövqe ortaya qoyur. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna prezidenti hələ ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər edib. Poroşenko BMT-dəki səsvermədə Ermənistanın Krımı Ukrayna ərazisi kimi göstərən qətnaməyə səs verməməsini də unutmayıb”.
E.Şahinoğlunun fikrincə, Ukrayna prezidentinin Azərbaycanı birmənalı dəstəkləməsi bir neçə baxımdan mühüm əhəmiyyət daşıyır: “Qərb ölkələri, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Krımın işğalını birmənalı pislədiyi halda, eyni yanaşmanı Qarabağ məsələsində ortaya qoymur, işğalçıya qarşı sanksiyalar həyata keçirmir, tam əksinə, onunla əməkdaşlıq edir. Bu ikili standartlardır. Qərb ölkələri Rusiyanı haqlı olaraq cəzalandırdıqları halda Ermənistanla nəvazişlə davranırlar. Halbuki, Dağlıq Qarabağ və ətraf rayonları işğal edən Ermənistanla Krımı işğal edən Rusiya arasında fərq yoxdur.

Buna baxmayaraq, Poroşenkonun Davosda Azərbaycana birmənalı dəstək ifadə etməsi həm də o baxımdan vacibdir ki, Ukrayna Qərbin bölgədə təhlükəsizliyinə önəm verdiyi ölkədir, Poroşenkonun hər açıqlaması diqqətlə izlənilir. Odur ki, Poroşenkonun Davosda Qarabağla bağlı açıqlaması Ermənistanla yanaşı, Qərbə də mesajdır ki, Azərbaycanın ərazi bütövlüyünə həssas yanaşılmalıdır.
Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov son mətbuat konfransında birmənalı olaraq Ermənistanın mövqeyini dəstəklədi və bu hal Azərbaycan cəmiyyəti ilə yanaşı, rəsmi Bakının da ciddi narahatlığına səbəb oldu. Ümumiyyətlə, Lavrovun sözlərindən bir daha aydın oldu ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. Belə olan halda rəsmi Bakı Kremlə mesaj yollamaq məcburiyyətindədir ki, Azərbaycanın kifayət qədər strateji tərəfdaşı var ki, Moskvadan fərqli olaraq Dağlıq Qarabağda antiterror əməliyyatına dəstək versin və belə dövlətlərdən biri də Ukraynadır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here