Milli Kitabxanada “20 Yanvar- hüzn və milli qürur günü” adlı geniş kitab sərgisinin açılışı olmuşdur

19 Yanvar, 14:26

Milli Kitabxanada “20 Yanvar- hüzn və milli qürur günü” adlı geniş kitab sərgisinin açılışı olmuşdur

VOİCEPRESS xəbər verir ki, yanvar ayının 19- da Milli Kitabxanada 20 yanvar hadisələrinin 27-ci ildönümü münasibətilə “20 Yanvar- hüzn və milli qürur günü” adlı geniş kitab sərgisinin açılışı olmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq yaxın keçmişə nəzər saldı, soyuq qış gecəsində sovet ordusunun silahlı birləşmələrinin dinc, əliyalın əhaliyə tutduğu divandan danışdı. Televiziyanın enerji blokunun partladılmasından, qəzetlərin çıxmamasından, Azərbaycanın informasiya blokadasında olmasından, səsinin heç yana çatmamasından, Azərbaycanın ümummilli lideri Heydər Əliyev cənablarının belə çətin gündə sayıqlığından, onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsindən söhbət açdı. O, bu gün 20 yanvar hadisələrinin həm də azadlıq, müstəqillik yolunda atılan ilk addım olduğunu söylədi.

Direktor müavini Ədibə İsmayılova 1990-cı il yanvarın 19-dan 20 -ə keçən gecə qanlı sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətlləri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdi.

Kitabxananın şöbə müdiri Səyyarə Məmmədli Azərbaycanın azadlığına, müstəqilliyinə həsr etdiyi şeirini söylədi.

Tədbirin sonunda iştirakçılar qanlı hadisələri özündə geniş əks etdirən “20 Yanvar- hüzn və milli qürur günü” adlı kitab sərgisi ilə tanış oldular.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here