“Azərbaycanda sənədsiz evlərlə bağlı problem tədricən həllini tapacaq”.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.
Komitə sədri bildirib ki, prezidentin fərmanına uyğun olaraq, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir.
A.Rəhimzadə bildirib ki, elə evlər var ki, neft torpaqlarında tikilib. Onun sözlərinə görə, belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb:
“Məsələn, bu evlər tikiliməzdən öncə layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Azərbaycan prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir”.
Qeyd edək ki, dövlət başçısının imzaladığı fərmana əsasən, tikintiyə dair layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, yaxud mülkiyyət hüququna dair çıxarış (kupçası) olan tikililərin sadələşdirilmiş qaydada sənədləşdirilməlidir. Bununla bağlı müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
VOİCEPRESS.AZ