Hərbi hissələrdə əsgərlər tez-tez zorakılığa məruz qalırlar
Ermənistan ordusunda insidentlərin sayı artıb. Rəsmi statistikaya əsasən, ötən bir il ərzində Ermənistan ordusunda 33 qətl, 21 intihar halı qeydə alınıb. Sonuncu hadisə zamanı əsgər hərbçi yoldaşlarını güllələyib.
VOİCEPRESS xəbər verir ki, bu ölkədə dərc olunan “Joxovurd” qəzeti ordudakı insidentlərdən yazıb. Bildirilir ki, baş verən insidentlərin əsas səbəbi sistemdə hökm sürən özbaşınalıqdır. . Bu isə əksər hallarda qətl və intiharlarla nəticələnir.
Sonuncu insident zamanı əsgər Haykaz Babeyan bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb. Fiziki təzyiqlərə məruz qalan əsgər giziri və digər əsgər yoldaşlarını güllələyib. Hərbi hissə komandanlığı hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə baş vermiş faktı ictimaiyyətə bədbəxt hadisə kimi təqdim edib.
Statistikaya əsasən, Ermənistan ordusunda bu kimi hallar son bir ildə daha çox müşahidə olunub. Ötən ilin sonlarında növbətçilik qaydalarının kobud surətdə pozulması nəticəsində əsgər Vardan Arakelyan kiçik çavuş tərəfindən açılan atəşdən yerində ölüb.
Bu hadisədən əvvəl isə qarovul xidmətində olarkən iki hərbçi arasında qarşıdurma olub. Başından güllə yarası alan əsgərlərdən biri hələ də İrəvandakı mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicə alır.
VOİCEPRESS.AZ