Yanvarın 17-də Azərbaycanda ilk dəfə “Davosa doğru: Bakı” Forumu keçiriləcək.
VOİCEPRESS xəbər verir ki, “Global Shapers: Baku Hub” və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçiriləcək forum zamanı Davos Dünya İqtisadi Forumuna canlı bağlantı təşkil olunacaq və beynəlxalq panel sessiyası keçiriləcək.
“Davosa Doğru: Bakı” Forumunda “Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması” və “Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması” mövzularında panel müzakirələri aparılacaq, dövlət rəsmilərinin çıxışları və mövzu ilə bağlı fikirlər dinləniləcək.
Müzakirələrdə startap ekosisteminin formalaşdırılması, gənc sahibkarlar üçün imkanlar və alətlər, bu sahədə müasir çağırışlar və problemlər, həmçinin “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin, “Azərbaycan Gəncliyi 2015-2025-ci illərdə” strategiyasının və digər milli və beynəlxalq səviyyəli sənədlərin müddəaları və gənclərin məşğulluğunun təmin olunmasında rolu ətrafında fikir mübadiləsi aparılacaq.
Forum çərçivəsində gənc sahibkarların startaplarından ibarət sərgi təşkil ediləcək. Sərgidə “Youth Inc.” Proqramının nümayəndələrinin startaplarından ibarət stendlər nümayiş olunacaq. Həmçinin “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin fəaliyyətində yaxından iştirak edən startapların forumla bağlı çıxışlarından ibarət videotəqdimatlar keçiriləcək. Sərginin keçirilməsində məqsəd forumun mövzusunu nəzərə alaraq, yeni iş yerlərinin yaradılmasına dəstək göstərmək üçün gənc sahibkarları potensial tərəfdaş, investor və müştərilərlə əlaqələndirməkdir.
VOİCEPRESS.AZ