Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-i və İndoneziyanın ölkəmizdəki səfirliyi birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə bağlı İndoneziya səfiri iqamətgahında Azərbaycan-İndoneziya Dostluq Gecəsi tədbir keçiriblər.
VOİCEPRESS bildirir ki, ölkəmizin çoxlu sayda tanınmış simalarının qatıldığı tədbirin açılışında ABAİ-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva deyib: “Dəyərli dostumuz, İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fanani və xanımı ilə qərara gəldik Dünya Azərbaycanlılarının Həmrəyli Günü bayramını və Yeni ili dostlarla Azərbaycan-İndoneziya Dostluq Gecəsində birlikdə qeyd edək və Azərbaycan-İndoneziya dostluq münasibətlərinin inkişafına hansı töhvələr verə bilərik bu barədə də birlikdə gözəl söhbətlər, fikir mübadiləsi olsun.
Eyni zamanda bir-birimizin mədəniyyətini, musiqisini, ədəbiyyatını, mətbəxini də daha yaxından tanıyaq. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu olaraq biz və İndoneziya səfirliyi birlikdə bu tədbiri təşkil etdik və ümid edirəm ki bütün qonaqların yadında qalacağı faydalı bir tədbir olacaq. Azərbaycan-İndoneziya münasibətləri bütün istiqamətlərdə inkişaf edir və cənab Prezidentimizin rəhbərliyi altında bu istiqamətdə ciddi işlər görülür. İndoneziyanın bütün beynəlxalq platformalarda ərazi bütövlüyü, Qarabağ problemi, Xocalı soyqırımı məsələlərində Azərbaycanı dəstəkləməsini bütün Azərbaycan xalqı yüksək qiymətləndirir və Qarabağ həqiqətlərinin İndoneziyada daha da geniş yayılması istiqamətində işlərin daha da artacağına, İndoneziyanın bu məsələlərdə bundan sonra da hər zaman Azərbaycana böyük dəstək verəcəyinə inanırıq.
Cənab səfir sizinlə və gözəl ailənizlə birlikdə inşallah gələn bayramları Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz Qarabağda, Şuşada və digər o gözəl torpaqlarımızda da qeyd edək. Dost, qardaş İndoneziya dövləti və xalqına hər zaman sabitlik və inkişaf diləyirik”. “Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına böyük önəm veririk” – deyən İndoneziya səfiri Hüsnan Fanani çıxışında dedi ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, sahibkarlarla yanaşı mətbuat və media qurumlarımız, fəal qadınlarımız arasında da əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstəriləcək.
Səfir bu yaxınlarda Azərbaycanda keçirilən İndoneziya Mədəniyyət Günləri barədə də danışaraq Azərbaycan bizim üçün dostdan daha böyük məna daşıyır, Azərbaycan bizim üçün qardaş ölkədir və əməkdaşlığımızı da bu səviyyəyə artırmaq istəyirik deyib. Azərbaycanı, Azərbaycan xalqının mədəniyyətini çox sevdiyini deyən səfir ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinə də böyük önəm verdiklərini dedi. Açılış çıxışlarından sonra hər bir qonağa ABAİ-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva tədbir adından xatirə hədiyyələri təqdim edib və onlar ürək sözlərini söyləyiblər.
Tədbirdə ABAİ sədri,millət vəkili Qənirə Paşayeva səfirə Qarabağın təsviri olan rəsm əsəri, tanınmış modelyer,sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova isə özünün əl işini, Azərbaycan təsviri olan sənət əsərini hədiyyə ediblər və cənab səfirin hər zaman Azərbaycanın ən yaxın dostlarından biri və təbliğatçısı olacağına inandıqlarını deyiblər. Sonra Azərbaycanın dəyərli sənətçiləri Əməkdar artistlər Aybəniz Haşımova, Nuriyyə Hüseynova, gözəl bəstəkarlarımız Aygün Səmədzadə və Sevinc Tofiqqızı Azərbaycan musiqi mədəniyyəti ilə bağlı gözəl əsərləri ifa ediblər, qonaqlar tərəfindən Azərbaycan poeziyasından şeirlər səsləndirilib. İndoneziya səfiri isə özü piano arxasına keçərək İndoneziya musiqiləri ifa edib və onun müəllifi olduğu şeirlər səsləndirilib.
Bundan sonra İndoneziya səfiri, xanımı və ABAİ sədri, millət vəkili Qənirə Paşayeva birlikdə İndoneziya mətbəxindən bir neçə yemək hazırlayıblar, onları qonaqlara təqdim ediblər və qonaqlar İndoneziya mətbəxi ilə yaxından tanış olub və yeməkləri bəyəndiklərini bildiriblər. İndoneziya səfiri yaxın zamanlarda dost Azərbaycanda İndoneziya mətbəxinin açılacağına ümid etdiyini və bunu çox arzuladığını deyib.
VOİCEPRESS.AZ