Hazırda sığınacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Sosial sığınacaqların inkişafına dəstək” layihəsini həyata keçirir. Layihənin məqsədi sığınacağın fəaliyyətini fəal şəkildə dəstəkləmək, uşaqlara göstərilən sosial xidmətlərin inkişafına, onların təhsil və fərdi inkişaf imkanlarının genişləndirilməsinə töhfə verməkdir. Qeyd edək ki, layihə çərçivəsində bu günədək 100-ə qədər uşağa dəstək göstərilib. Sığınacağın əsas fəaliyyət istiqaməti isə məhz sığınacaqda yaşayan uşaqların təhsil və fərdi inkişafına dəstək təşkil edir. Çünki, əksər hallarda küçə həyatına məruz qalmış uşaqlar təhsildən ayrı düşürlər . Müvafiq qiymətləndirmə və prosedurlardan sonra 35 uşaq müxtəlif siniflər üzrə ümumi təhsil müəssisələrində təhsilə cəlb edilib. Bununla yanaşı, sığınacağın özündə fərdi təhsil sistemi təşkil olunub. Fərdi təhsilə ehtiyacı olan uşaqlar burada orta təhsil almaq imkanı əldə edirlər. Digər uşaqlar da bilik və ehtiyaclarına uyğun məşğələlərə qatılırlar. Məntiq, ingilis dili, riyaziyyat, informatika və digər fənlər üzrə yüksək ixtisaslı müəllimlər tərəfindən keçirilən fərdi dərslər uşaqların bilik səviyyəsinin yüksəldilməsinə və təhsildə irəliləyişinə xidmət edir.
Uşaqların dünyagörüşünün genişləndirilməsi məqsədilə hər həftə mədəniyyət turları təşkil olunur, muzeylərə və müxtəlif mədəniyyət ocaqlarına səfərlər həyata keçirilir. Fərdi inkişafın mühüm istiqamətlərindən biri də yaradıcılıq və peşə bacarıqlarının formalaşdırılmasıdır. Sığınacaqda yaradılmış əl işləri emalatxanasında uşaqlar xalçaçılıq və toxuculuqla məşğul olur, hazırladıqları əl işləri vaxtaşırı təşkil edilən sərgilərdə nümayiş olunur.
İdman istiqamətində uşaqlar futbol məşqlərinə cəlb edilirlər. Onlar “Sabah” futbol klubunun alt yaş qruplarında və “Vətən” futbol məktəbində müntəzəm məşq edirlər. Həmçinin Landau məktəbinin uşaqlar üçün yaratdığı futbol məşqi imkanlarından yararlanırlar. Bu fəaliyyətlərin məqsədi uşaqların idman bacarıqlarını inkişaf etdirmək və gələcəkdə peşəkar futbol karyerasına yönəlmək imkanlarını dəstəkləməkdir.
DC Dance Studio-nun təşkilatçılığı ilə sığınacaqda yaşayan qızlar peşəkar rəqs dərslərinə cəlb ediliblər. Rəsm və musiqi məşğələləri də uşaqların yaradıcılıq potensialının və özünüifadə bacarıqlarının inkişafına xidmət edir.
Beləliklə, “Ümid Yeri”ndə uşaqlar üçün təhsil, idman, incəsənət, mədəniyyət və peşə bacarıqlarını əhatə edən çoxşaxəli inkişaf imkanları yaradılıb. Layihənin əsas nəticəsi uşaqların yalnız sosial müdafiə ilə təmin olunması deyil, onların təhsilə qayıtması, istedadlarını kəşf etməsi, özünəinam qazanması və müstəqil həyata hazırlanmasıdır. Bütün bu fəaliyyətlər nəticəsində uşaqlar üçün yalnız gündəlik qayğı və təhlükəsiz yaşayış mühiti deyil, təhsil, idman, incəsənət, mədəniyyət və peşə bacarıqlarını əhatə edən çoxşaxəli inkişaf imkanları formalaşdırılıb. Məktəbə qayıdan, yeni biliklər qazanan, xalça toxuyan, sərgilərdə öz əl işlərini nümayiş etdirən, futbol klublarında məşq edən və peşəkar rəqs dərslərinə qatılan uşaqların hər biri gələcəyə doğru atılan konkret addımın iştirakçısına çevrilir.
Qeyd edək ki, “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi cari ilin sonuna qədər icra ediləcək.