Eks deputat: “Siyasətdə varam…”
-Sabir müəllim, rus dilinin tədrisinə qarşı niyə kəskin çıxışlarınızı bildirirsiniz? Bunun səbəbi nədir?
– “Milli Məclisdə və rəsmi vəzifələrdə elə adamlar var ki, onlar dövlət dilində danışa bilmir”. Onların içində Azərbaycanca danışanda bir diskonfort var sanki. İndi siz deyin, onun bilik və savadının dilimizi bilmədiyi təqdirdə məclisə nə xeyiri var? Kimliyimizdən asılı olmayaraq Azərbaycanda yaşayırıqsa və biz azərbanycanlıyıqsa Azərbaycan dilini bilməliyik və bu dildə danışmalıyıq. Biz təsəvvür edə bilərikmi ki, gürcü Gürcüstanda uşağını rus məktəbinə qoysun? Bu mümkün deyil. Mən rus dilinə qarşı deyiləm. Amma övladlarımızın məktəbdə Azərbaycan dilində təhsil alması gərəkdiyini deyirəm. Bakı Slavyan Universiteti və Moskva Dövlət Universitetinin rus dilində fəaliyyəti kifayət edir. Digər ali məktəblərdəki rus bölməsinin fəaliyyətini dayandırmaq lazımdır. Xüsusən Bakıda 5-10 rus təmailli məktəbi saxlamaqla digərlərinin qapatmaq lazımdır. Axı niyə görə biz yenə də bir başqa dilin təbliği üçün öz dilimizdən keçməliyik? Bizlər Azərbaycan bölməsində təhsil alsaq da, bu gün Azərbaycan ədəbiyyatı və tarixi ilə yanaşı, eyni zamanda rus tarix və ədəbiyyatını bilirik. Amma gəlin baxaq görək, bu gün rus bölməsində təhsil alan övladlarımız Azərbaycan ədəbiyyatı və tarixi haqda nə bilirlər? Ümumiyyətlə kimisə tanıyırlarmı? Rus məktəblərində sanki Azərbaycan bölmələrinə qarşı bir düşmənçilik var. Burada yaşıyan rusa biz Azərbaycan dilini sevdirə bilmiriksə, bu bizim günahımızdır. İllərlə Azərbaycanda yaşayan ruslar və bəzi başqa xalqların nümayəndələri var ki, qəsdən dilimizə etinasızlıq göstərirlər. Adicə “Salam” sözünü öyrənmək istəmirlər. Belələrinin arasında azərbaycanlılar da var. O gün çox hirslənmişəm bu vəziyyətə. Axırda müarciət etdim ki, illərdir övladların, nəvələrin Azərbaycanda yaşayır, sən Azərbaycan dilini öyrənə bilmədinmi? Bu məsələ adamı yandırır axı. Bu gün Azərbaycanda rus dillilərlə Azərbaycan dillilər arasında bir uçurum var.Yəni onlar bir-birinə qaynayıb-qarışa bilmir. Bu gün Azərbaycan bölməsində təhsil alanlardan Puşkin, Lermantov, Dostoyevski və ya Tolstoy haqda soruşanda onlar nə isə danışacaq. Amma gəlin rus bölməsibndə təhsil alanlardan Azərbaycan ədəbiyyatından kimi tanıyırsız sorun. Görün onlar nə deyəcək? Onlar sadəcə rus dilində yazdığı üçün Çingiz Abdullayevin adını çəkəcəklər. Mən müəyyən mənada bunu xəstəlik adlandırıram. Mən hətta bu məsələni kitabımda “Spid” xəstəliyinə bənzətmişəm. Ona görə də kitabda “Spidə yoluxmuşlara çarə yoxdur” deyə yazmışam. Bizdə immunitet çatışmamazlığı var. Hər şeyə boyun əyirik. Mən rus dilinə qarşı deyiləm. Bu gün mən bütün rus ədəbiyyatını rus dilində oxuyuram. Mən rus dilini kəntdən gəlib Bakıda öyrənmişəm.
-Sabir müəllim, Naxçıvan sözünü biz Vikipediyaya rus dilində yazanda nədənsə “Naxçivan istoriçeski armyanskaya zemlya” deyə yazır. Bizim Elmlər Akademiyasının nəzdində tarix İnstitutu var, tarixçilərimiz var, bəs nəyə görə buna heç kəs reaksiya vermir? Sizcə biz vətənin müdafiəsini əslində bəlgə və sənədlərdən başlayaraq aparmamalıyıqmı?
-Vikipediya bu gün çox acınacaqlı və bərbad gündədir. Vikipediyada yalnız Naxçıvanla bağlı deyil, ümumiyyətlə Azərbaycanın digər bölgələri ilə bağlı da yalnış məlumatlar yerləşdirilir. Hamısı da, onunla bağlıdır ki, ermənilər bu sahədə fəal iştirak edirlər. Bizimkilərdə təmbəllik var, zamanında o səhvlərə qarşı reaksiya verib onları düzəltmirlər. Vikipediyada elə mənim özüm haqda çox natamam və çox yalnış məlumatlar yazılıb. Əlbəttə buna qarşı ciddi müabrizə aparılmalıdır.
-Sabir müəllim, bu gün bizim bir sıra Avropa ölkələrində diaposralarımızın fəaliyyətini niyə qənaətbəxş hesab etmək olmur? Axı bu gün bizim diasporalarımızı dövlət dəstəkləyir, amma ermənilərdə isə dövlət deyilən bir amil ümumiyyətlə olmadığı təqdirdə onlar öz missiyalarını icra etməyi bacarırlar…
-Bilirsiz, Azərbaycan dövləti gənc dövlətdir. Azərbaycan müstəqil dövlətdir. Erməni isə yox. Azərbaycan xarici ölkələrdə qonaq kimi, mühacir kimi yaşayır. Oranın vətəndaşı kimi yox. Amma erməninin vətəni olmadığı üçün hər yerdə öz evindəki kimi yaşayır. Onlar ömürləri boyu diaspora formasında yaşayıblar. Yüz illərlə ermənilər bu qaydada yaşamağa öyrəşiblər.
-Bəlkə bu bizdəki ideoloji problemdən qaynaqlanan bir durumdur? Belə heç düşünmüsünüzmü? Yəni bu gün “demokratiya” devizi altında hər kəs fərqli ideologiyaya xidmət edir…Sizcə müharibə şəraitində yaşayan bir dövlətdə ümumi və milli ideologiyanın olması birlik və qələbə üçün gərəkən amil deyilmi?
-Milli ideologiya tərbiyə olunmalıdır. Dövlətin ideoloji sistemi buna xidmət etməlidir. Bu gün bizdə dövlətin ideoloji sistemi ayrı-ayrı dövlətlərdə diasporamızın möhkəmlənməsinə xidmət etmir. Biz bu gün başqa-başqa dövlətlərdə diaspora quranda özümüzə yaxın adamları yox, orada sözü keçən nüfuzlu insanları diaspora sədrləri təyin etməliyik. Bizə yaxın olan insan isə başqa bir dövlətdə yaşayan həmvətənlərimiz arasında mobilizasiyanı təmin edə bilmir. Beləliklə diasporalarda parçalanma müşahidə olunur. Bu gün dövlət ideologiyası nə qədər milli çalarlarla zəngin olsa, diasporalarda o ideoloji sistemə uiyğun olmağa çalışar və həmin ideoloji prinsip altında birləşər.
-Sabir müəllim, bu gün siz millət vəkili olmasaz da, seçildiyiniz bölgədə sizə vaxtı ilə səs verənlərə hələ də yardım edirsiniz. Onların səsini duyurursunuz. Bir çox seçiciləriniz sizi hələ də onların millət vəkili hesab edir.
-Mən millət vəkili olanda mənə olan müraciətlər indi daha da artıb.
-Bəs Sabir müəllimi biz növbəti seçkilərdə iştirakını görə biləcəyikmi? Yenidən parlamentdə təmsil olunmaq üçün özünüzə şans verəcəksinizmi?
-Hələ ki, kitablarımla məşqulam və bu haqda heç düşünməmişəm. Mən 25 il millət vəkili olmuşam. Bu qədər müddətdə bir dövlətin millət vəkili olmağın özü seçilmək deməkdir. Yəni xalq mənə 25 illik etimadı göstəribsə, deməli bu illərim hədər getməyib. Bu gün milli məclisdə elə deputatlar var ki, onların hələ heç kəs səsini eşitməyib. Bu gün mandat gəzdirməklə millətin vəkili olmaq olmaz. Orada elə deputatlar var ki, onların mandatı olsa da, millətin vəkili ola bilmirlər. İndi siz deyin onlar millətin vəkilidir ya mən? Mən bu gün parlamentdə olmadığım üçün bunları demək istəməzdim. Hər halda bütün millət vəkillərinə sayqım var. Amma mən bu gün də özümü millətimin vəkili hesab edirəm. Əgər məni millətim 25 il millət vəkili seçibsə, bundan sonrakı ömrümü millətimə həsr edib, onların vəkili olmağa çalışacağam.
-Bu gün bir sıra seçicilərinizə biz deyəndə ki, Sabir müəllim artıq millət vəkili deyil, onlar əksini iddia edirlər və sizin artıq parlamentdə təmsil olmamanızla barışmaq istəmirlər.
-Bilirsiz, əslində mən bu gün kitab yazıram. Millətimin agrısını-acısını yazıyla ifadə edirəm. Bu özü elə millətin vəkili olmaq deməkdir. Axı onların agrılarını mən duymasam bu haqda necə yaza bilərəm? Publisistika xalqa müraciət deməkdir. Millət üçün yazılan yazılardır. Millət üçün yazmağın, millətin adından danışmağın kürsüsü fərqli ola bilər. Bir kürsü Milli Məclisdəki tribuna olanda, digər bir kürsü minlərlə tirajı olan kitablar ola bilər. Mən ona görə deyirəm ki, mən yenə də öz missiyamı yerinə yetirirəm. Ona görə də mən özümü hələ də millətimin vəkili hesab edirəm.
-Bəs bu gün Sabir Rüstəmxanlı siyasətdə varmı?
-Əlbəttə. Siyasətdə varam. Çünki Vətəndaş Həmrəylik Partiyasının rəhbəriyəm və bu partiyanı təmsil edən millət vəkillərimiz var. Biz respublikanın ictimai-siyasi həyatında iştirak edirik. Burada söhbət yalnız hakimiyyət uğrunda mübarizədən getmir. Çünki bizdə hakimiyyət uğrunda mübarizə yoxdur. Bu gün Azərbaycanda hakimiyyət uğrunda siyasi mübarizə yoxdur. Çünki xalq ölkədə sabitlik, qarşıdurmanın olmamasını, bir-birimizi zəiflətməməyimizi, torpaqları geri qaytarmaq istədiyi üçün çox ciddi qarşıdurmalara qarşıdır. Belə olan halda xalqa söykənmədən ancaq partiya üzvlərinin 10-15 min insan toplusu ilə siyasi mübarizə aparmağın nəticəsi olmaz. Amma biz Vətəndaş Həmrəylik Partiyasını təmsil edirik. Biz ölkədə vətəndaş həmrəyliyi ideyasının daşıyıcısıyıq. Bu əslində mənim Azərbaycan siyasətinə gətirdiyim bir taktdır. Azərbaycançılığı Məhəmməd Əmin Rəsulzadə gətirdi. Əbülfəz Elçibəy bütov Azərbaycan ideologiysını təbliğ edirdi. Heydər Əliyev isə Azərbaycan dövlət ideologiyasının əsasını qoydu. Mən isə M.Ə. Rəsulzadənin ideologiyasına daha yaxın olan bir ideologiyaya əsaslanaraq Vətəndaş həmrəyliyi ideologiyasının təbliğ olunmasını əsas götürürəm. Hər bir siyasi partiyanın son məqsədi hakimiyyət uğrunda mübarizədir.
-Erməni XİN başçısı Nalbanyanın dəyişkən və heç də ciddiyyətə əsaslanmayan fikirlər bildirməsina hamımız bələdik. Amma bu günlərdə o diaspora təşkilatlarının birində “Biz Azərbaycanın 5 rayonunu geri qaytarmağa hazırıq” fikrini bildirib. Bu əslində bir növ erməni rəsmisinin Azərbaycan torpaqlarının işğal etmələrinin etirafı kimi səslənir. Amma yenə də sual verək niyə görə 5 rayon məsələsi hallanır?
-7 rayon əslində müzakirə mövzusu olmamalıdır. Dağlıq Qarabağın o yeddi rayona heç bir əlaqəsi yoxdur. Dünya bunu anlasa, o rayonlar qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Sonra Dağlıq Qarabağın status məsələsi həll olunmalıdır. O zaman Azərbaycanlıların öz torpaqlarına qayıtması mümkün olar. O zaman ermənilərin də bizim torpaqlarda yaşaması məsələsi müzakirə oluna bilər. Bu gün Cənubi Qafqazın gələcəyi bu problemlərin həllindən asılıdır. Heç bir dövlət davamlı düşmən ola bilməz. Nalbadyanın 5 rayonu qaytarmaq məsələsi oyunbazlıqdan başqa bir şey deyil. Onlar mütəmadi olaraq 3 rayon və ya 5, və ya 7 rayon qaytaracaqlarını iddia edirlər. Sanki hər şey bunların əlindədir. Sərkisyan da Dağlıq Qarabağın ermənilərə qayıtdığını iddia edir. Bunların hamısı ermənilərin söz oyunbazlığıdır. Ermənistan Azərbaycanla bu şəkildə düşmənçilik şəklində yaşamasının onların özü üçün prespektivi yoxdur. Dağlıq Qarabağ məsələsi öz həllini tapmalıdır ki, Ermənistan mövcud blokada şəraitindən xilas olsun və qafqazdan keçən komunikasiya layihələrinə qoşulsun və kiçik olsa da tez bir zamanda inkişaf etmək şansı qazansın. Dağlıq Qarabağ müharibəsi dünyada analoqu olmayan bir müharibədir. Bu gün elementar beynəlxalq hüquq normaları pozulur. BMT də daxil olmaqla digər beynəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını tanıyıb. Azərbaycan torpaqlarının 20% işğal olunub və bu gün işğala son qoyulmalıdır.
-Bir sıra xarici ekspertlər iddia edir ki, dağlıq Qarabağ müəsələsi əslində Rusiyanın silah biznesindən əl çəkdiyi təqdirdə mümkün olacaq. Çünki Dağlıq Qarabağ qığılcımı istənilən an silah nümayişi plasadarmına çevrilir…
-Ermənistanı süni şəkildə yaradan elə Rusiyadır. Dağlıq Qarabağı da ona verib, Ermənistanı böyütmək niyyətindədir. Azərbaycan və Errmənistan əslində Rusiya üçün çox böyük silah bazarı deyil. Rusiyanın daha iri silah bazarları var. Silah istehsalı məsələsi əslində qlobal bir cinayətdir. Çünki bir dövlət silah istehsalına böyük vəsait və insan əməyi istifadə edir. Təəssüf ki, insanlar kamilləşmədiyi üçün dövlətlər də kamilləşməkdə çətinlik çəkir. Savaşın qarşısını almaq mümkün deyil. Rusiyanın Qafqazdakı marağı yalnız silah marağı deyil, bu maraq daha çox geosiyasi maraqdır. Ermənistan Rusiyanın regionda öz maraqları üçün istifadə etdiyi bir plasdarmdır. Bununla da Azərbaycanı öz təsiri altında saxlayır. Bu gün Rusiya Ermənistan iqtisadiyyatının 70% nə nəzarət edir. Buna dair hətta 50 illik müqaviləsi var. Bu gün onlar birgə böyük ordu qurmaq haqda razılığa gəliblər. Bu nə deməkdir? Onlar böyük ordunu kimə qarşı qururlar? Amma Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılması bu sahədə bir qədər dəyişiklik yarada bilər.
Ü. Musazadə
VOİCEPRESS.AZ