VOİCEPRESS xəbər verir ki, bunu İqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. O bildirib ki, vaxilə ABŞ-n da dəstəyi ilə on milyardlarla dollar xərc çəkərək Norveç qazını Avropa bazarına çatdırılmaqda məqsəd Rusiya qazından asılılığın minimuma endirilməsi idi: “Buna baxmayaraq bu gün Avropanın qaz təminatının 1/3-nə qədəri Rusiyanın payına düşür. Bu asılılıqdan yaxa qurtarmağın alternativ yollarından biri də Xəzər hövzəsindəki qazın Avropaya çatdırılmasıdır. TAP xətti ilə başlanğıcda Avropaya nəql ediləcək qazın həcmi ildə 10 milyard kubmetr olacaq.
Bu Avropanın qaz təchizatı üçün bir o qədər böyük rəqəm deyil və ilk baxışda bundan narahat olmağına dəyməz. Lakin məsələnin başqa prinsipial tərəfləri var. İlk öncə “Şahdəniz 2” yatağından hasil ediləcək qazın TAP xətti vasitəsilə Avropa bazarına çatdırılması bu bazarda yeni müstəqil oyunçunun meydana çıxması demək olacaq. İkincisi, bu oyunçu gələcəkdə tək “Şahdəniz 2” yatağından hasil olunacaq qazı deyil, Azərbaycanın başqa böyük qaz ehtiyatları olan yataqlarından hasil ediləcək qazın, İran, İraq, Türkmənistan qazının və digər ölkələrin də qazının TANAP və TAP xətti vasitəsilə Avropaya nəqlini reallaşdıra bilər və bu kifayət qədər realdır.
Bax, Rusiya Qazpromunun bugünkü narahatçılığının kökündə dayanan əsas məsələlər də bunlardır. Qazprom Avropa bazarında yeni rəqibin peyda olmasını istəmir. Ancaq burada əsas olan satıcının deyil, alıcının istəyidir. Yaxşı olardı ki, başqaları ilə yersiz ironiya ilə danışmaq əvəzinə Qazprom rəhbərliyi Avropaya qaz nəqlini nəzərdə tutan layihələrinin taleyi barəsində düşünsünlər. Çünkü Avropa Rusiyanın qaz şantajından artıq doyub. Əgər bu gün Avropa Birliyi Rusiyadan aldığı qazın başqa alternativ variantını taparsa, o düşünmədən siyasi təziq düyməsi ilə idarə olunan Rusiya qazından tam imtina edərdi.
Qazprom rəhbərliyi bunun fərqində olasa daha yaxşıdır. Azərbaycanın yerinə rahatsız olmağına isə dəyməz. Əgər Cənub Qaz Dəhlizi layihəsinin icrası başa çatdıqdan sonra hasil ediləcək qaz cənab A.Medvedevin təsəvvür etdiyi kimi TAP kəmərini tam doldurmağa çatmasaydı, onda hər bir addımını yüz ölçüb, bir biçən BP-i kimi bir nəhəng İngilis Şirkəti bu layihəyə milyardlarla dollar vəsait xərcləyərdimi?”
Aysel İsgəndərova
VOİCEPRESS.AZ