VOİCEPRESS xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib. O qeyd edib ki, son günlər ölkədə xarici valyutaya tələbatın cüzi olaraq artdığının müşahidə edilməsi manatın dəyərinin tezliklə yenidən ucuzlaşmağa başlayacağı haqda fikirlərin irəli sürülməsinə səbəb olub. Bunu şərtləndirən faktorlardan da biri Mərkəzi Bankın (AMB) keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondu (SOFAZ) tərəfindən satılan ABŞ dollarının həcminin hər ay nisbətən artmasıdır.
Bəs, əslində, vəziyyət necədir?
“Qeyd edim ki, yuxarıda söylənilənlərə rəğmən, manatın məzənnəsi üçün heç bir narahatlığa əsas yoxdur. Sual oluna bilər ki, niyə? Mən, burada rəqəmlərlə misal gətirməyəcəm…
Əvvəla, ölkəyə idxal əvvəlki illərdəki kimi deyil… Yəni, azalıbdır. İxrac idxaldan üstündür, yəni satdığımız aldığımızdan çoxdur… Demək ki, pis-yaxşı pulumuz var, o mənada ki, qazancımız xərcimizdən yüksəkdir. Buna iqtisadi dildə ticarət və tədiyyə balansı deyirlər.
İkincisi, dövriyyədə nəğd pul kütləsi çox deyil, azdır… Bu, həm düşünülmüş şəkildə həyata keçirilib, həm də iqtisadi fəallıq dərəcəsi yüksək deyil. Yəni, nə kredit verən var, nə də iş görən… Üçüncüsü, əllərdə, yəni əhalidə pul da yoxdur. Belə ki, 2014-cü ilin iyun ayından bəri, neftin qiymətinin düşməsiylə əlaqədar olaraq, ölkədə bütün növ qeyri-leqal gəlir mənbələri aradan qalxdı və qeyri-rəsmi gəlirlər demək olar, tam kəsildi ki, indi əhali və o cümlədən, xırda sahibkarlar arxaya 1 qəpik də qoya bilmirlər.
Dördüncüsü, ABŞ dolları dünya üzrə də elə bahalaşmır. O mənada ki, məsələn, 2015-ci ilin dekabrında Federal Ehtiyat Sistemi faiz dərəcəsini qaldıran kimi bütün dünya “qarışdısa biri-birinə”, cari ildə ilin 2-ci yarısı yenəcə başlamış olsa da artıq, həm martda, həm də iyunda iki belə qaldırım edilib… Amma heç birində ajiotaj baş vermədi. Nəhayət, beşincisi isə, ən azı 2019-cu ilin yarısına və yaxud sonunadək hökumət, nəyin bahasına olursa-olsun manatın dəyərini qorumaq fikrindədir… Səbəb isə məlumdur: qarşıdan qaz sazişlərinin icrasına başlanılması gəlir.
Manat ona qədər mümkün dərəcədə “cilovda saxlanılacaq”…”
VOİCEPRESS.AZ