Hikmət Babaoğlu: “Mediaya ayrılan vəsait çox azdır”
VOİCEPRESS xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu bildirib.
Deputat çıxışı zamanı medianın cəmiyyətin ictimai şüurunun formalaşmasında, milli düşüncənin inkişafında və informasiya mühitinin keyfiyyətinin müəyyənləşdirilməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu baxımdan media subyektlərinin, xüsusilə televiziya kanallarının fəaliyyətinin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.
Hikmət Babaoğlu qeyd edib ki, 2027-ci il üçün mediaya ayrılması nəzərdə tutulan vəsait 68 milyon 369 min manat təşkil edir. Deputat bu göstəricinin əvvəlki illə müqayisədə xeyli azaldığını diqqətə çatdıraraq, mediaya dövlət büdcəsindən ayrılan vəsaitin həcminə diqqət çəkib.
O bildirib ki, medianın cəmiyyətin düşüncə tərzinə və milli-mənəvi dəyərlərin qorunmasına təsiri nəzərə alınmalı, bu sahənin maliyyələşdirilməsi məsələsi xüsusi əhəmiyyət daşımalıdır.
VOİCEPRESS