DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Arzu Nağıyev: “Azərbaycan Türkiyə ilə müttəfiqdir, lakin siyasi asılılıqdan söhbət gedə bilməz”

Arzu Nağıyev: Prezident İlham Əliyevin son çıxışlarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi və müstəqil xarici siyasət kursu ilə bağlı…

|
Arzu Nağıyev: “Azərbaycan Türkiyə ilə müttəfiqdir, lakin siyasi asılılıqdan söhbət gedə bilməz”

 

Milli Məclisin deputatı Arzu Nağıyev VOİCEPRESS-ə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından sonra Türkiyənin bəzi media və ictimai dairələrində Azərbaycana qarşı səsləndirilən kəskin reaksiyalara münasibət bildirib.

Deputatın sözlərinə görə, Prezidentin çıxışında səsləndirdiyi fikirləri Türkiyə dövlətinə və ya Türkiyə rəhbərliyinə qarşı yönəlmiş mövqe kimi qiymətləndirmək doğru deyil. Nağıyev hesab edir ki, həmin fikirlər daha çox Türkiyədə Azərbaycan siyasətini tənqid edən müəyyən dairələrə ünvanlanmış siyasi mesaj kimi dəyərləndirilə bilər.

Arzu Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin son çıxışlarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi və müstəqil xarici siyasət kursu ilə bağlı mövqeyi açıq şəkildə ifadə olunub.

Deputatın fikrincə, Azərbaycan öz təhlükəsizliyinin təmin olunması istiqamətində əsas məsuliyyəti özü daşıyır və ölkənin müdafiə qabiliyyətinin formalaşdırılmasında öz maliyyə vəsaitlərindən istifadə edib. Prezidentin YAP qurultayındakı çıxışında da Azərbaycanın hərbi imkanlarını öz vəsaiti hesabına formalaşdırdığı xüsusi vurğulanıb.

“Biz Türkiyə ilə müttəfiqliyimizə böyük dəyər veririk. Lakin müttəfiqlik siyasi asılılıq demək deyil. Azərbaycan öz daxili və xarici siyasət qərarlarını müstəqil şəkildə qəbul edən suveren dövlətdir”, – deyə deputat bildirib.

Nağıyev hesab edir ki, Prezidentin “işlərimizə qarışmayın, bizə nə edəcəyimizi deməyin” məzmunlu fikirlərini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır.

Deputatın sözlərinə görə, Azərbaycan–Türkiyə münasibətlərinin strateji xarakteri ayrı-ayrı fikir ayrılıqları və media müzakirələri fonunda şübhə altına alınmamalıdır. O bildirib ki, iki ölkə arasında münasibətlər yalnız siyasi bəyanatlardan deyil, uzun illər ərzində formalaşmış strateji əməkdaşlıq, qarşılıqlı maraqlar və “Bir millət, iki dövlət” konsepsiyasından qaynaqlanır.

Arzu Nağıyev eyni zamanda Türkiyədəki bəzi media və ictimai dairələrin Prezidentin fikirlərinə verdiyi reaksiyanın Azərbaycan–Türkiyə münasibətlərinin ümumi mənzərəsi kimi təqdim edilməsinin doğru olmadığını vurğulayıb.

“Burada Türkiyəyə qarşı sərtlikdən daha çox, Türkiyədən gələn konkret tənqidlərə verilən cavabdan söhbət gedir. Azərbaycan öz mövqeyinə hörmət edilməsini istəyir. Bu, Türkiyə ilə münasibətlərin zəiflədilməsi demək deyil”, – deyə deputat qeyd edib.

Nağıyev bildirib ki, Azərbaycan və Türkiyə strateji müttəfiq olaraq qalır və iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da inkişaf etdirilməsi üçün siyasi əsas mövcuddur.

Deputatın fikrincə, ayrı-ayrı qüvvələrin Bakı ilə Ankara arasında gərginlik görüntüsü yaratmaq cəhdlərinə də ehtiyatla yanaşmaq lazımdır.

“Azərbaycanın öz siyasəti var. Bu siyasətə uyğun olaraq addımlarımızı atırıq. Biz bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik, eyni zamanda öz ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı hər hansı təhdidin qarşısının alınması məsələsində də qətiyyətli mövqedəyik”, – Arzu Nağıyev bildirib.

Deputat hesab edir ki, yalnız Prezident İlham Əliyevin bir çıxışına əsaslanaraq Azərbaycan–Türkiyə münasibətlərində diplomatik soyuqluqdan danışmaq düzgün deyil.

“Ankara ilə müttəfiqlik – bəli, siyasi asılılıq – xeyr. Bu iki anlayış bir-birinə zidd deyil. Əksinə, sağlam müttəfiqlik qarşılıqlı hörmət və suveren qərarlara müdaxilə etməmək prinsipinə əsaslanmalıdır”, – deyə Nağıyev vurğulayıb.

 

 

 

Yazar: Cəmilə Çebotaryova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR