Bölgələrdə İİV/QİÇS əleyhinə maarifləndirmə işləri davam edir

13 Aprel, 20:52

“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı çərçivəsində Cəlilabad rayonunda “İİV/QİÇS-in yayılmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması” adlı layihəsini uğurla davam etdirir.

Təşkilat cari ilin aprel ayının 7-i və 8-də müvafiq olaraq rayonun Əliqasımlı və Üçtəpə kəndlərində gənclər qrupları üçün İİV-nin yayılması yolları və ondan qorunma üsulları haqqında, eləcə də təhlükəsiz davranış haqqında təlimlər vermiş və eyni zamanda təlim iştirakçılarına və digər icma üzvlərinə mövzu ilə əlaqəli müxtəlif çap məhsulları paylamışdır.

Hər iki təlimdə ümumi olaraq 50 nəfər gənc iştirak etmiş, mövzu ilə əlaqəli canlı  müzakirələrdə iştirak etmişlər.

İnkişaf-2006 Sosial Dəstək İctimai Birliyi eyni təlimləri növbəti ayda rayonun digər kəndlərində də həyata keçirməyi planlaşdırır.