Köhnə nəsil müəllimələr Leyla müəlliməni niyə bəyənmir? – Fəridə yazır

9 Mart, 12:07

Son günlər sosial şəbəkələrdə balaca şagirdləriylə videolarını paylaşan gənc müəllimə ictimaiyyət tərəfindən maraqla qarşılandı. Qoluna saat şəkli çəkib məktəbə gələn şagirdinə saat hədiyyə edən müəllimənin bu addımı Təhsil Nazirimizin də o qədər xoşuna gəlib ki, paytaxtdan ucqar kənd məktəbinə qədər yol qət edərək müəliməni şəxsən təbrik və təqdir etdi.

Müəllimənin bir-iki gün əvvəl paylaşdığı videolardan biri isə birmənalı  qarşılanmadı. Xüsusilə də köhnə nəsil müəllimlər gənc müəllimənin tədris metoduna dayanmadan irad bildirib, narazılıqlarını dilə gətirdilər.

Videodakı hadisə nədir? – Gənc müəllimə 8 Mart münasibətilə sinifdə təşkil etdiyi əyləncəli dərsə uşaqların analarını da dəvət edir. Analar gələnə qədər isə şagirdlərinin saçlarını darayır, özü ilə apardığı fenlə səliqəyə salır, balaca qızların üstünə ətir səpir. Balaca qızcığazlar aynada özlərinə baxıb heyran-heyran, xoşbəxt-xoşbəxt gülümsəyirlər.

Videoya irad bildirənlərin arqumentləri nədir? –“ Məktəb gözəllik salonu deyil”! “Təhsil Nazirliyi məktəblərdə gözəllik salonu açılmasına icazə versin” və s. kimi, mənim zənnimcə, qısqanclıq, paxıllıq və gözügötürməməkdən qaynaqlanan bu kimi neqativ şərhlər.

Əvvəlcə, adını bilmədiyim o gənc müəlliməni içinin gözəlliyinə, sevgi dolu qəlbinə görə təbrik edirəm. Onu təqdir edir, alqışlayıram, ona minnətdaram. Karyerasında, şəxsi həyatında daima xoşbəxtlik və uğurlar diləyirəm. Və demək istəyirəm ki, özünüzü qoruyun, müəllimə!

Insanların sevimlisi olmağı, milyonların içindən anidən “parlamağı”, çoxlarının bəlkə də həsrətində olduğu uğuru qazana bilməyi insanlar adama bağışlaya bilmir. Bu gün hansısa videoya hansısa şəkildə neqativ köklənib, şərh edib, danışıb yayan insanlar adi, balaca, xırda bir şeydən tutub sizi elə incidə, kobud desək, “əzə” bilərlər ki…

Indi isə, gələk həmin neqativ şərh verən insanlara. Şübhəsiz ki, bütün bu rəylər hamısı qısqanclıq, paxıllıq və qarnıqurdluluqdan yaranır. Heç də təsadüfi deyil ki, bu cür fikir bildirənlərin əksəriyyəti məhz yaşlı nəslin nümayəndələridir. Hansı ki, ömür boyu şagirdi bir fərd olaraq qəbul etmədilər. Onların müəllim kimi fəaliyyəti yalnız şagirdə söyə-söyə, döyə-döyə hərf öyrətməkdən ibarətdir.

Onlar həmin müəllimələrdir ki, rüşvət, “adam” hesabına “ilin müəllimi”, “Əməkdar müəllim” adları almaq üçün sino gedirlər. Otuz-qırx illik müəllimlik fəaliyyətləri boyu bircə uşağın könlünü ala, bircə şagirdin qəlbində özünə yer eləyə bilmirlər. “Süpürgəpulu” davası edən, “fondpulu”qırğınına çıxan, direktorun ad gününə “paket” yığan, saxta bülleten gəzdirən bu müəllimlər deyilmi?

Ucqar kənd məktəblərinin birində azyaşlı qızı zorlayıb hamilə buraxan kişi müəllimlər də sizin aranızdakılardandır, başına buynuz taxıb həyətdə qoç şaqqalayan məktəb direktoru da sizlərdəndir.

Sizin “biz” deyə sinənizə döyüb öydüyünüz yaşınız, təcrübəniz, ağbirçək və ağsaqqallığınız artıq bütün gücünü itirmək üzrədir.

Mən ucqar kəndlərin bəzilərində olmuşam. Orda həyat şəraiti, insanların məişəti, uşaqların, qadınların güzəranını gördükcə ürəyim ağrıyıb. Paytaxtda yaşayan insanlar üçün belə şeylər bəlkə  başa düşülən deyil.  Heç nə olmasa da, bayramda-seyranda haya-küyə düşüb şəhərə axışan, bir qədər rəngli insanlar, axşamlar pəncərələrindən işıqlar sallanan kafelər, rəngli-alabəzək dükanlar, işıqforlar var.

Binaların həyətindəki biri sınıq, ikisi salamat uşaq yelləncəklərivar.

Heç nə olmasa da, “MC-Donalds” kimi yerlərdə dəstəsi iki manata kartof frilərvar.

Uşaqların başını  aldatmağa bir xeyli rəng var.

Ucqar kəndlərin bomboz həyatında uşaqlar çox təkdirlər.

Valideynlər mal-heyvan, həyət-baca, iş-güc dərdindədir. Nə bir rəng var, nə fərqli bir səs, nə də səndən “bu gün hansı paltarını geyinəcəksən”, “bu gün saçını necə hörməyimi istəyirsən”,- deyə soruşan kimsə.

Orta məktəbin aşağı siniflərində uşağını məktəbə yesir günündə, qaraçı balası kimi göndərən ailələr var. Kimisi buna diqqət eləmir, kimininsə vaxtı yoxdur, kimi üçünsə əhəmiyyətsiz bir şeydir.

Yadıma gəlir, məktəb yollarında yol yoldaşı olduğumuz gözəl-göyçək qızlardan biri yaz-qış başına şal örtüb gəlirdi. Çünki səhərlər anasının onun saçlarını daramağa vaxtı olmurdu. Qız da pırpız başıyla dərsə gəlməyə utandığı üçün başına şal örtüb gəlirdi. Yuxarı siniflərə çatanda şalı açdı, artıq özü öz saçlarını daraya, səliqəyə sala bilirdi.

Şəhərdən xəbərim yoxdur, amma kənd məktəblərində bu cür uşaqlar hələ də var.

O gənc müəllimə uşaqların saçını darayır, səliqəyə salır. Onlara vurduğu ətir qoxusu bəlkə də o uşaqlar üçün ilk ətir qoxusu oldu.

… Anam müəllimə idi. Məktəbə gedib-gələndə uşaqlar bizə deyirdi ki, sizin ananız elə bil şəhərli qadındır. Çox səliqəli, gözəl geyinir, özü yoldan keçib gedəndən sonra ətir qoxusu qalır havada. Ya da, sizin ananız çox yaxşı müəllimədir, dərsi elə izah edir ki, adam həyəcanlanmır, başa düşür, evdə gedib rahat işləyə bilir.

Biz uşaq vaxtı bununla öyünürdük. Anamızın gözəl olmağı, gözəl geyinməyi, məktəbdə uşaqların sevimlisi olmağı bizi fərəhləndirirdi. Elə bilirdik ki, anamız dünyanın ən gözəl, ən savadlı qadınıdır.

Böyüdükcə anlayırdım ki, anam o qədər gözəl qadın deyildi. Əslində, heç o qədər bahalı ətir, bahalı geyimdən də istifadə etmirdi. Sadəcə, qaraçı günündə, əlinə nə gəldi geyinib çıxan kənd qadınlarının, mal-qara, peyin qoxusunun arasında geyimi, səliqəsi, ətir qoxusu ilə qeyri-adi, gözəl görünürdü.

Anam hələ də elədir. Qocalsa da, hələ də səliqəsi, şagirdlərinə davranışı ilə hamının sevimlisidir. Hərdən xəstə vaxtlarında yuxulaya-yuxulaya gecə yarısına qədər kitab-dəftərin başında oturanda, ona əsəbləşib deyirəm ki, “bəsdi mama, kənd uşaqlarını sən alim etməyəcəksən ki.” Mən belə deyəndə o da mənə əsəbləşir.

… Musiqi müəlliməmiz vardı. Kəmalə müəllimə. Bizə neçənci sinifdə “nəğmə” dərsi deməyə başladığını unutmuşam. O dərsə girib “not dəftərləri alın, gələn dərs notları yazacağıq” deyəndə şoka düşmüşdük. Çünki ona qədər biz “nəğmə” dərslərində, ya stadionda futbol oynamışdıq, ya da,  sinifdə sakitcə oturub sabahın riyaziyyat dərslərini həll etmişdik. “Nəğmə” dərsi anlayışımız bu idi.

Növbəti həftə lövhədəki notları not dəftərimizə köçürəndə ilk dəfə əlifbanın hərflərini görən uşaq kimi sevinib, həyəcanlanmışdıq.

Məktəbin akt zalında ilk dəfə pianonun dillərinə toxunanda özümüzü rus filmlərindəki qızlara bənzətmişdik.

Kəmalə müəllimə pianoda ifa etdikcə akt zalı, məktəb dəhlizləri gözümüzdə sehrli aləmə çevrilirdi, özümüzü filmlərdə, nağıllarda hiss edirdik.

… Barat Vüsal “İnsan və cəmiyyət” dərsində bizi adlarını ilk dəfə eşitdiyimiz şairlərlə, filosoflar, yazıçılar, kitablarla tanış edirdi.

… Aftandil müəllimin dərsdən sonra təşkil etdiyi rəsm dərnəyində lövhədə çəkib “simmetriya” deyə, bəhs etdiyi qəribə cizgiləri görəndə xəyallara dalırdıq, rəsm sərgisi açırdıq, rəssam olurduq.

Düzdür, bizim məktəbdən nə böyük rəssam, nə bəstəkar, nə də filosof çıxmadı, amma o müəllimlər sayəsində məktəbə sevinə-sevinə, qaça-qaça, uça-uça getdik. Həyatı sevdik, dünyada başqa rənglər, başqa səslər, başqa qoxular da olduğunu düşündük. Arzularımız, xəyallarımız, xəyal gücümüz, təxəyyülümüz yarandı.

Insanın içində işinə, peşəsinə, məktəbə, uşaqlara sevgi olması həqiqətən önəmlidir.

O müəllimə mənə sevinc bəxş edir. Içimdə insana dair, gələcəyə dair xoş duyğular yaradır.

Yeni eranın uşaqlarına bu cür müəllimlər, müəllimələr lazımdır. Maaş xatirinə,  təcrübə xatirinə, iş xatirinə məktəbə gedib-gələn, “düz otur”, “az danış” deməklə və ya Pifaqor teoremini əzbərlətməklə işinin bitdiyini düşünən “standart”, “ütülü” müəlimlər erası tarixə qovuşmaq üzrədir.

Bu gün videolardakı o müəlliməyə baxdıqca düşünürəm ki, gələcək üçün ümid var, fidanlar böyüyür. Sevgi hələ insanlığı tərk etməyib…