Diplomatik Status Arxasında Qanunsuzluq: Səfirlik Rəsmisindən Azərbaycanda Mülkiyyət Təzyiqi İddiası…

15 İyul, 01:38

 

Bakıda yaşayan bir vətəndaşın redaksiyamıza təqdim etdiyi məlumatlar ictimaiyyətdə ciddi narahatlıq doğurur.
İddialara görə, Rusiyaya bağlı Tatarıstan Respublikasının Azərbaycandakı səfir yardımçısı Akmeyev İsmail Mansuroviç şəxsi münasibətlər zəminində  vətəndaşlara qarşı təhdid və qanunsuzluqlara yol verir.
Məlumata əsasən, səfirlik rəsmisi Ruslan Sporınyev adlı  şəxsin anası ilə olan yaxın münasibətlərindən istifadə edərək, onun ailəsinə “yardım” bəhanəsi ilə Azərbaycan vətəndaşının evini ələ keçirməyə çalışır.
Şikayətçi bildirir ki, Akmeyev diplomatik toxunulmazlıq və şəxsi əlaqələrindən sui-istifadə edərək, həm hüquqi proseslərə təsir göstərməyə çalışır, həm də fiziki və psixoloji təzyiqlər göstərir.
Əlavə olaraq bildirilir ki, Ruslan Sporınyev hazırda Nataliya adlı xanımla rəsmi nikahda olduğu bildirilir və məhz Nataliya öz qardaşlarının yaşadığı evə, Tatarıstan səfirliyinin rəsmisinin köməyi ilə sahib olmaq niyyətindədir.  Bu isə yalnız ailədaxili münasibətləri deyil, diplomatik əlaqələri də şəxsi maraqlara alət etmək cəhdi kimi qiymətləndirilir.

İlk baxışda adi bir ev mübahisəsi kimi görünən bu məsələnin arxasında isə ölümlə təhdidə qədər gedib çıxan ağır iddialar dayandığını da xüsusən qeyd etmək istəyirəm.

Bizə təqdim edilən iddialara  əsaslanaraq, söyləmək olar ki,  bu təkcə bir ailənin deyil, ümumilikdə Azərbaycan Respublikasının daxili hüquqi nizamına və suverenliyinə qarşı açıq bir təhdiddir.
Xarici ölkə nümayəndəsinin diplomatik statusdan istifadə edərək yerli vətəndaşları qorxutması, məhkəmə sisteminə təzyiq göstərməsi ciddi hüquqi və diplomatik məsuliyyət tələb edir.
Azərbaycan hüquqi və demokratik prinsiplərə əsaslanan bir dövlətdir.  Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə sübut edib ki, onun üçün vəzifələr yox, vətəndaş önəmlidir.
Rusiyada yaşayan sıravi soydaşına sahib çıxan bir liderin, ölkə daxilində hüquqları pozulan vətəndaşını görməzdən gələcəyi inandırıcı deyil.
VOICEPRESS Beynəlxalq Media və Araşdırma Mərkəzinin baş redaktoru olaraq cənab Prezidentə açıq müraciət edir və jurnalist əməkdaşımızın ailəsinə qarşı həyata keçirilən bu ədalətsizliyin, psixoloji təzyiqlərin və fiziki olaraq yetirilən xəsarətlərin  araşdırılmasını, məsələ ilə bağlı hüquq-mühafizə və diplomatik qurumların dərhal hərəkətə keçməsi yönündə gərəkli addımları atacağını gözləyirik.

Qeyd edək ki, redaksiyamıza müraciət edən şəxs iddialarını təsdiqləyən bir sıra faktiki materialları da müraciətinə əlavə olaraq təqdim etmişdir.

Ədalət mühakiməsinə hörmət və hüquqi prosedurlara müdaxilə etməmək məqsədilə, təqdim olunan faktların təfərrüatlarına hazırkı mərhələdə bu səbəblə yer vermədik.

Məsələni diqqətdə saxlayırıq və aidiyyəti qurumlardan rəsmi cavab gözləyirik.
Qarşı tərəf də, mövzu ilə bağlı faktlarla redaksiyamıza müraciət edə bilər.

 

 

 

 

Ülkər Fərmanqızı

VOİCEPRESS Beynəlxalq Media və

Araşdırma Mərkəzinin Baş redaktoru