“Çin və Azərbaycan arasında dost münasibətlər qarşlıqlı əməkdaşlıq və etimad əsasında formalaşıb”

14 Fevral, 20:42

“Beynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin, geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları   bunun bariz nümunəsidir.

Bu gün Azərbaycan dünyanın bir çox dövlətləri, aparıcı beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Çin və Azərbaycan arasında mövcud münasibətlər xüsusi qeyd olunmalıdır. Çin və Azərbaycan arasında dost münasibətlər qarşlıqlı əməkdaşlıq və etimad əsasında formalaşıb. Bunu hər iki ölkənin dövlət başçıları arasında təşkil olunan görüşlər də təsdiq edir.

Bu fikirləri saytımıza açıqlamasında Prezident İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Çin və Azərbaycan arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. İki ölkənin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı mövcuddur. Azərbaycan və Çin həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Əlbəttə, bu amil  iki ölkə arasında etibarlı dostluğun əsasında dayanan ən mühüm faktordur. Ötən il iki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərini özündə ehtiva edən Bəyannamənin qəbul olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu barədə cənab Prezident İlham Əliyev müsahibəsində deyib: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay Çinin Sədri ilə görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.

Sevindirici haldır ki, iki ölkə arasında əməkdaşlıq imkanları davamlı olaraq artır. Beləki, Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycan bu istiqamətdə öz ev tapşırığını  yerinə yetirib. Azərbaycan nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşdur. Bununla yanaşı Orta Dəhlizlə əlaqədar cənab Prezident qeyd edib ki, “Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək”.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan və Çin arasında iqtisadi, siyasi bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Həmçinin, Çin vətəndaşları üçün viza tələbinin aradan qaldırılması da iki ölkə arasında münasibətlərin inkişafında olduqca önəmli faktordur. İnanırıq ki, tezliklə Azərbaycan vətəndaşları üçün də bu tətbiq olunacaq. Cənab Prezidentin dediyi kimi “ Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi rəsmi diplomatik kanallardan istifadə edirik – siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”.

Şübhəsiz ki, qazanılan bütün uğurların mərkəzində cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən xarici siyasət kursu, liderliyi  dayanır. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmiz durmadan inkişaf edir. Dövlət Başçısının şəxsiyyəti və Liderliyi sayəsində ölkəmizin dünyada nüfuzu daha da artmışdır. Artıq, Azərbaycanın  regionda geopolitik mərkəz rolunu oynadığı bir həqiqətdir. Və dünya bu reallığı qəbul etməyə məcburdur. “Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Verilən bütün sözlər yerinə yetirilib. Prezident İlham Əliyevin dövlət siyasəti nəticəyönümlüdür”, millət vəkili Tamam Cəfərova belə deyib.