Avropa Komissiyasının sədri Ursula fon der Lyayen BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyəcək. Açıq- aşkar Aİ rəhbəri məsuliyyətdən qaçır. Ursula fon der Leyen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir. Onun Prezident İlham Əliyevlə dialoqu zamanı COP29-un iqlim fəaliyyəti və yaşıl enerejiyə keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını bəyan etməsi, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlaşmasını vurğulaması fonunda sammitə bir neçə gün qalmış iştirakdan imtina qərarı təsadüfi deyil. Bu, Azərbaycana qarşı növbəti ikiüzlü, riyakar münasibətin təzühürüdür. Şübhəsiz ki, Azərbaycan bütün xarici təsirlərə baxmayaraq, COP29 sammitini çox yüksək səviyyədə icra edəcək və bu, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli dövlətə çevrilən ölkəmizin geosiyasi müstəvidə mövqeyini daha da gücləndirəcək.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Avropa İttifaqı iqlim dəyişiklikləri ilə mübarizədən böyük canfəşanlıqla danışsa da, ekoloji problemlərin həlli istiqamətində real addımlar atmaqda passivlik nümayiş etdirir. Məlumdur ki, Bakıda keçiriləcək tədbirdə iqlim dəyişikliyi ilə bağlı maliyyə məsələləri əsas müzakirə mövzusu olacaq. Paris razılaşmasına əsasən inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrə təxminən yüz milyard dollar vəsait ayırmalıdır. İnkişaf etməkdə olan ölkələr tələb edirlər ki, bu həcm çox kiçikdir. Çünki, problem getdikcə daha da dərinləşir. 1,1,- 1,3 trilyon dollar vəsait ayırmaq lazımdır. Bu vəsaitin də əsas tərəflərindən biri kimi Avropa İttifaqı çıxış etməli idi. Amma, Avropa İttifaqı rəhbərliyi bu tədbirə gəlməkdən imtina edib. Fon der Lyayenin COP29-a qatılmaqdan imtina etməsi, Avropa İttifaqının məsuliyyətlərdən yayınma taktikası olaraq qiymətləndirilməlidir. Bu, bir daha onu deməyə əsas verir ki, onlar üçün dünyanı narahat edən qlobal məsələlərin heç bir əhəmiyyəti yoxdur. Onlar yalnız, öz maraqlarını, məkrli niyətlərini reallaşdırmaq barədə düşünür və bu istiqamətdə addım atırlar. Buradan aydın görünür ki, Aİ-nin iqlim dəyişikliyi siyasəti daha çox inkişaf etməkdə olan ölkələrə təzyiq göstərmək üzərində qurulub.
Xüsusilə qeyd etməliyik ki, Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizədə hələ də ciddi addımlar atmadığını göstərən statistika və hesabatlar mövcuddur. 2022-ci ildə yayımlanan bir statistikaya görə, Aİ ölkələrinin ümumi istixana qazları emissiyası əvvəlki illərlə müqayisədə yalnız cüzi dərəcədə azalıb. Bu azalmanın səbəbi, əsasən, sənaye fəaliyyətlərinin azaldığı pandemiya dövründə müşahidə olunub. Pandemiya sonrası iqtisadiyyatda bərpa tədbirləri çərçivəsində bu emissiyalar yenidən artmağa başlayıb. Hesabatlara əsasən, 2019-cu ildə Aİ-də hər nəfərə düşən orta illik karbon emissiyası 8,4 ton olub ki, bu da qlobal orta göstəricidən əhəmiyyətli dərəcədə yuxarıdır. Avropa İttifaqının öz öhdəliklərini yerinə yetirmədiyini göstərən bu statistika, Aİ-nin faktiki olaraq karbon emissiyalarını azaltmaq əvəzinə, daha çox iqtisadi və siyasi maraqlarını güddüyünü sübut edir. Bütün bunlarla yanaşı, Avropa Komissiyası sədrinin COP29 beynəlxalq tədbirində iştirak etməkdən imtina etməsi və bəhanələr uydurması tamamilə siyasi bir qərardır.Bu addım ölkəmizə qarşı uzun müddətdir davam edən qərəzli münasibətin və ikili standarların növbəti təzahürüdür. Görünür Ursula fon der Lyayen tədbirdə iştirak etmək üçün erməni lobbisinin “xeyir-dua”sını ala bilməyib. Bütün bunlara baxmayaraq, Azərbaycan COP29 beynəlxalq tədbirini ən yüksək səviyyədə keçirəcək və beynəlxalq siyasi arenada günü-gündən artan geosiyasi mövqeyini daha da gücləndirəcək. Millət vəkili Tamam Cəfərova belə deyib.