Deputatdan təklif: Ermənistana hücum silahlarının verilməsinə qadağa qoyulsun

25 İyun, 19:30

Bu gün Milli Məclisin növbədənkənar plenar iclasinda deputat Elşad Mirbəşir oğlu çıxışı zamanı dedi ki, Qərb Fransanın vasitəsilə Cənubi Qafqaf regionunda dərin, eyni zamanda çox təhlükəli plan həyata keçirməkdədir. Ermənistana özüyeriyən Cezar artilleriya qurğularının verilməsi haqqında razılığa gəlinməsi region üçün çox ciddi təhlükələr yaradır. Bu, həm də onun göstəricisidir ki, Ermənistan özünün sülh ritorikasında tam saxtadır. Bir tərəfdən Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən Qərbdən özünə əlavə təhlükəsizlik təminatları tələb edir. Təhlükəsizlik təminatlarını kimin qarşısında istəyir?! Azərbaycanın başqa dövlətin ərazisində sözü yoxdur. Regionda sülh təşəbbüskarı Azərbaycandır. Cənubi Qafqaz regionunun tarixində ilk dəfə olaraq, Azərbaycan dövlətinin iradəsi, Prezident İlham Əliyevin strateji baxışları sayəsində təhlükəsizlik mühiti keyfiyyətcə tamam yeniləndi. Münaqişə potensialı tarixən yüksək olan Cənubi Qafqaz regionunda ilk dəfə olaraq regional təhlükəsizlik sisteminin formalaşması imkanı yarandı. Bütün bunları Azərbaycan dövləti, Azərbaycan Prezidenti etdi. Amma Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması bir daha olduqca təhlükəli planlardan xəbər verir. Tarixdən təcrübələr mövcuddur. İşğalçılıq siyasəti həyata keçirən dövlətlərin silahlanmasına məhdudiyyətlər tətbiq olunur. Məsələn, ikinci dünya müharibəsindən sonra Almaniyanın və Yaponiyanın silahlı qüvvələrinin yaradılmasına ciddi məhdudiyyətlər tətbiq olundu. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanın silahlandırılmasının təhlükəli məqsədlərini bir daha ortaya qoyur. Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması və ya sülhün imzalanması üçün bizim əsas şərtlərimizdən biri də ondan ibarət olmalıdır ki, Ermənistana hücum silahları verilməsin. Biz bu tələbimizi müvafiq beynəlxalq təşkilatlar qarşısında da qaldırmalıyıq.