Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edib, dərinləşməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Сənab Prezident İlham Əliyevin bu səfəri iki ölkə arasında münasibətlərin uğurlu perspektivinə ciddi töhfə verəcək. Ölkə Başçısının səfəri yalnız iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Ərəb dünyası və Afrika qitəsi ilə münasibətlərin daha da inkişafı baxımından yüksək səviyyədə qiymətləndirilməlidir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, beynəlxalq siyasi münasibətlər sistemində Azərbaycan və Misirin mövqeyi üst-üstə düşür. Xüsusilə, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini qazanıb. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Xüsusilə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir.
Cənab Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata verdiyi bəyanatda iki ölkə arasında əlaqələrin inkişafı, eləcə də, regionda və dünyada baş verən proseslərlə əlaqədar olduqca mühüm məqamlara toxunub, önəmli mesajlar verib. Ölkə Başçısı çıxışında Qəzaada baş verən faciəyə xüsusilə toxunub, baş verənlərin dərhal dayandırılmalı olduğunu və bütün məsələlərin danışıqlar yolu ilə həll edilməli olduğunu diqqətə çatdırıb. Cənab Prezident deyib: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır”.
Bunlarla yanaşı ölkəmizin Başçısı bəyanatında Azərbaycan-Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə, sərhədlərin delimitasiyası prosesinə xüsusi diqqət çəkib. Qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənsitan arasında münaisbətlərin normallaşdırılması üçün geniş imkanlar yaranıb. Xüsusilə də, Azərbaycanın Qazax rayonun otuz ildən çox idi ki, işğal altında olan 4 kəndinin danışıqlar yolu ilə geri qaytarılması və sərhəddin 12,7 km-lik hissəsinin delimitasiya edilməsi Ermənistan-Azərbaycan münasibətlərində normallaşma üçün real zəmin yaradıb deyə bilərik.
Millət vəkili Tamam Cəfərova fikirlərinin davamı olaraq, Azərbaycan-Misir əlaqələrinin perspektvlərini xüsusilə vurğulayıb. Deputat bildirib ki, Azərbaycan, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşir. Bu baxımdan ölkəmiz geniş infrastruktura və potensiala sahibdir. Əlbəttə, bütün bu imkanlar Azərbayca-Misir münasibətlərinin gələcək inkişafı baxımından da geniş imkanlar açır. Bu, özünü ölkələrimiz arasında artan ticarət dövriyyəsində əyani şəkildə göstərir. Səfər çərçivəsində imzalanan sənədlər də iki ölkə arasında əlaqələrin gələcəkdə daha da dərinləşəcəyini deməyə əsas verir.
Azərbaycan-Misir əlaqələri bir daha onu göstərir ki, Azərbaycan dövlətinin xarici siyasət kursunun əsas xətti olan əməkdaşlıq və qarşılıqlı əlaqələr prinsipi yeni nəaliyyətlərin əldə olunması üçün geniş imkanlar açır. Dünyada gedən çətin və mürəkkəb proseslərin fonunda Azərbaycan və Misir arasında qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Millət vəkili Tamam Cəfərova belə deyib.