Azərbaycan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarixin salnaməsi” sərgisi

7 May, 20:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar 5 may tarixində
Azərbaycan Milli Xalça Muzeyi “Tarixin salnaməsi” adlı sərgini və “Milli
sərvətimiz” adlı sənədli filmi ictimaiyyətə təqdim etdi.
Açılışda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova,
Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad
Hüseynov, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyanın baş
katibi Seymur Fətəliyev və Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Selçuk
Karakılıç çıxış etdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş “Tarixin salnaməsi” adlı sərgidə nümayiş olunan dərin
fəlsəfi məna kəsb edən və orijinal kompozisiyaya malik xalçanın ideya müəllifi
Şirin Məlikovadır. Muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan bu sənətkarlıq
nümunəsinin leytmotivi Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamıdır. Xalçanın bədii
quruluşunda dahi şəxsiyyətin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan
mədəniyyətinə, xalqımızın milli irsinə, xüsusilə də xalça sənətinə böyük diqqət və
qayğısı simvolik dildə öz əksini tapıb. Bu unikal sənət nümunəsinin əsas elementi
olan ağac isə soy-kökümüzün rəmzi kimi təqdim olunub.
Əməkdar rəssam Taryel Bəşirovun eskizi əsasında, muzeyin toxucuları
tərəfindən ərsəyə gətirilən “Tarixin salnaməsi” xalçasının toxunmasında 100 rəng
çalarında yun və ipək iplərdən istifadə olunub.
Sərgidə təqdim edilən xalçanın zəngin kompozisiyasını təşkil edən təsvir və
ornamentləri canlandırmaq məqsədilə Qobustan qayaüstü rəsmlərinin, ov
səhnələrinin, “Yallı” milli rəqsinin, el ağsaqqalı Dədə Qorqudun, xalq qəhrəmanı
Koroğlunun, Azərbaycanın üçrəngli bayrağının, görkəmli mütəfəkkir Nizami
Gəncəvinin poemasından, həmçinin dahi lider Heydər Əliyevdən sitatların, Novruz
bayramının əsas atributu olan səməninin, alov rəmzi olan butanın, müqəddəs
ağacın və digər elementlərin animasiya videosundan ibarət videoproyeksiya
nümayiş olunur.
Həmçinin, sərgidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə
həsr olunmuş “Milli sərvətimiz” adlı sənədli film təqdim edildi. Ulu Öndərin
ölkəmizdə bütün sahələrin, o cümlədən, mədəniyyətin, incəsənətin, eləcə də
Azərbaycan xalça sənətinin inkişafına göstərdiyi böyük diqqət və qayğını əks
etdirən sənədli filmin istehsalında müxtəlif mənbələrdən toplanmış nadir kino və
fotoxronika arxivlərindən istifadə olunub. Burada Lətif Kərimov, Kamil Əliyev
kimi görkəmli xalçaçı-rəssamlar haqqında kadrlar, həmçinin 1983-cü ildə Bakıda
keçirilmiş Şərq Xalça Sənəti üzrə I Beynəlxalq Simpoziumundan görüntülər yer
alıb.
Azərbaycan Milli Xalça Muzeyi tərəfindən hazırlanmış “Milli sərvətimiz”
adlı filmin ideya müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru
Mübariz Nağıyevdir.
Sərgi 6 may tarixindən şəhərimizin sakinləri və qonaqları üçün açıqdır.