İctimai-siyasi elmlər üzrə təlimçi, tədqiqatçı, AMEA-nın dissertantı
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan tarixinin ən parlaq, dahi şəxsiyyətlərindən biri kimi xalqımızın yaddaşında əbədi yaşayır. Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji dayaqlarından biri olmaqla ölkənin inkişaf strategiyasını müəyyən edən fundamental prinsipləri özündə ehtiva edir. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkədə sabitlik, qanunçuluq və milli maraqlara əsaslanan idarəetmə sistemi formalaşmış, iqtisadi, sosial və mədəni inkişafın möhkəm təməli yaradılıb. Xüsusilə Ümummilli Liderin rəhbərliyi dövründə həyata keçirilən şəhərsalma və quruculuq siyasəti Azərbaycanın kompleks inkişaf modelinin formalaşmasında mühüm rol oynayıb. Şəhərlərin planlı inkişafı, yeni yaşayış massivlərinin salınması, nəqliyyat və sosial infrastrukturun genişləndirilməsi, Bakı şəhərinin Baş planının hazırlanması, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, sənaye müəssisələrinin, təhsil və mədəniyyət obyektlərinin inşası həmin dövrün strateji inkişaf yanaşmasının mühüm tərkib hissəsi kimi dəyərləndirilib. Bu siyasət yalnız urbanizasiya prosesinin idarə olunmasına deyil, eyni zamanda regionların sosial-iqtisadi inkişafına, əhalinin rifah halının yüksəldilməsinə, milli memarlıq ənənələrinin və tarixi-mədəni irsin qorunmasına xidmət edib. Bu kontekstdə qədim memarlıq abidələrinin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin Azərbaycanın milli-mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun zəngin siyasi irsi, uzaqgörən liderliyi və dövlətçilik fəlsəfəsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, beynəlxalq nüfuzunun yüksəlməsində və milli birliyinin qorunmasında misilsiz rol oynamışdır.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti xalqına, dövlətinə və milli -mənəvi dəyərlərə sonsuz sədaqətin nümunəsi kimi yaddaşlarda yaşayır. Bu dahi şəxsiyyətin anadan olmasının 103 illiyinin qeyd edilməsi yalnız böyük dövlət xadiminin xatirəsinə ehtiram deyil, həm də onun Azərbaycan dövlətçiliyinə bəxş etdiyi misilsiz xidmətlərin bir daha dərindən dəyərləndirilməsidir. Çünki bu gün müasir Azərbaycanın qazandığı bütün uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasi kurs və dövlətçilik fəlsəfəsi dayanır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində xilaskar lider kimi xüsusi yer tutur. XX əsrin sonlarında ölkəmiz mürəkkəb siyasi, iqtisadi və sosial böhranlarla üz-üzə qaldığı bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısını aldı. O dövrdə ölkədə hökm sürən xaos, iqtisadi gerilik, siyasi parçalanma və vətəndaş qarşıdurması Azərbaycanın gələcəyini ciddi təhlükə altında qoymuşdu. Lakin Heydər Əliyevin qətiyyəti, zəngin idarəçilik təcrübəsi və milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən dövlətçilik siyasətinin əsas prioritet istiqamətlərindən biri milli dövlətçilik ənənələrinin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi olmuşdur. Ulu öndər daim vurğulayırdı ki, müstəqillik yalnız əldə edilən siyasi nailiyyət deyil, eyni zamanda böyük məsuliyyət, onu qorumaq, möhkəmləndirmək və davamlı inkişaf etdirmək missiyasıdır.Onun uzaqgörən rəhbərliyi və müdrik siyasi strategiyası nəticəsində Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi, müasir idarəetmə mexanizmlərinin formalaşdırılması təmin olundu. Məhz Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə ölkədə hüququn aliliyi, insan hüquq və azadlıqlarının qorunması, demokratik idarəçilik prinsiplərinin bərqərar olması üçün möhkəm hüquqi baza yaradıldı.
Milli ideologiyanın əsas sütunlarından biri olan azərbaycançılıq məfkurəsi də məhz Heydər Əliyevin siyasi fəlsəfəsində xüsusi yer tutaraq xalqın milli birliyinin, mənəvi dəyərlərinin və dövlətçilik şüurunun gücləndirilməsində mühüm rol oynadı. Ulu öndərin formalaşdırdığı dövlətçilik konsepsiyası bu gün də Azərbaycanın davamlı inkişafının, milli həmrəyliyinin və beynəlxalq nüfuzunun əsas dayaqlarından biri kimi öz əhəmiyyətini qorumaqdadır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunda iqtisadi inkişaf məsələləri də əsas istiqamətlərdən biri idi. Məhz onun müəllifi olduğu neft strategiyası Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu. 1994-cü ildə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan beynəlxalq neft müqaviləsi ölkənin iqtisadi həyatında dönüş nöqtəsi oldu. Bu müqavilə nəticəsində Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya etdi, xarici investorların ölkəyə marağı artdı, enerji layihələri genişləndirildi və ölkənin maliyyə imkanları əhəmiyyətli dərəcədə gücləndi. Sonrakı illərdə həyata keçirilən böyük infrastruktur layihələri, yolların, məktəblərin, xəstəxanaların tikintisi və regionların inkişafı bu strateji siyasətin uğurlu nəticələrindən biri idi.
Ulu Öndər təhsilin və gənclərin inkişafını da dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirdi. O, gəncləri Azərbaycanın gələcəyi adlandırır və onların milli ruhda, vətənpərvərlik hissi ilə yetişməsinə xüsusi önəm verirdi. Təhsil sahəsində aparılan islahatlar, milli-mənəvi dəyərlərin qorunması və elmin inkişafına göstərilən diqqət müasir Azərbaycanın intellektual potensialının formalaşmasında mühüm rol oynadı. Bu gün də Azərbaycan gənclərinin beynəlxalq arenalarda qazandığı uğurlar Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasının nəticəsidir.

Bu gün Cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursu uğurla və qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən qüdrətli və inkişaf etmiş dövrünü yaşayır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi gücü daha da artmış, beynəlxalq nüfuzu yüksəlmiş, sosial rifah və vətəndaş məmnunluğu önəmli dərəcədə güclənmişdir. Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş kimi tanınması, mühüm beynəlxalq layihələrin əsas iştirakçısına çevrilməsi və regionda lider dövlət mövqeyini qoruması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticəsidir.
Prezident İlham Əliyev yalnız iqtisadi və siyasi sahədə deyil, milli dövlətçilik ideologiyasının qorunması və inkişaf etdirilməsi istiqamətində də böyük xidmətlər göstərir. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin davamlı inkişafını təmin etmiş, müasir texnologiyaların tətbiqi, qeyri-neft sektorunun inkişafı, yaşıl enerji siyasəti və innovativ layihələr Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil etmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramları, yeni yolların, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının inşası dövlətin vətəndaşa göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyevin ən böyük tarixi xidmətlərindən biri isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsidir. Güclü siyasi iradə, qətiyyətli diplomatiya və müasir ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan xalqı öz tarixi ədalətinə qovuşmuşdur. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfərlər xalqımızın milli qürur mənbəyinə çevrilmişdir. Bu zəfər yalnız hərbi uğur deyil, həm də Heydər Əliyev ideologiyasının, milli birlik və dövlətçilik məktəbinin təntənəsi idi. Prezident İlham Əliyev hər zaman xalqı ilə birlikdə olmuş, öz qətiyyəti, müdrikliyi və siyasi uzaqgörənliyi ilə xalqın sonsuz inam və rəğbətini qazanmışdır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün uğurla davam etdirilir, xüsusilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri icra olunur.
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü və inkişaf potensialını bütün dünyaya nümayiş etdirir. Müasir şəhərlərin və kəndlərin yenidən qurulması, müxtəlif layihələrinin həyata keçirilməsi dövlətimizin gələcəyə hesablanmış strateji baxışının göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi yalnız iqtisadi layihə deyil, eyni zamanda milli ruhun, tarixi ədalətin və dövlət iradəsinin təcəssümüdür.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi yalnız infrastrukturun bərpasını deyil, həm də həmin ərazilərin tarixi-mədəni simasının, ekoloji tarazlığının və sosial həyatının yenidən formalaşdırılmasını nəzərdə tutan kompleks dövlət siyasətini əks etdirir. Həmçinin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin ardıcıl və strateji xarakter daşıdığını bir daha təsdiqləyir, bu istiqamətdə milli memarlıq irsinin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və qanunçuluğun təmin olunması məsələlərinin xüsusi aktuallıq kəsb etdiyini nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə onun zəngin dövlətçilik irsini, uzaqgörən siyasi fəaliyyətini və xalqımıza bəxş etdiyi misilsiz xidmətləri dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müasir dövrün çağırışlarına uyğun şəkildə daha da zənginləşdirilməsi Azərbaycanın davamlı tərəqqisinin əsasını təşkil edir. Bu gün regionun ən güclü dövlətlərindən birinə çevrilən, siyasi nüfuzu, iqtisadi qüdrəti və hərbi gücü ilə dünyada söz sahibi olan müasir Azərbaycan məhz Heydər Əliyev ideyalarının və İlham Əliyevin qətiyyətli siyasətinin möhtəşəm təntənəsidir. Azərbaycanın qazandığı böyük uğurlar, milli birliyin möhkəmlənməsi, dövlət müstəqilliyinin daha da güclənməsi və tarixi zəfərlər ulu öndərin müəyyən etdiyi strateji inkişaf yolunun parlaq nəticəsidir.








