Martın 15-i ADA Universitetində ADA Universiteti Fondunun (Azərbaycan) və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı çərçivəsində doqquzuncu Bahar Gənclik festivalı keçirilib.
ADA Universitetinin ənənəvi yaz tədbiri sayılan bu festival çərçivəsində bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri və bayram mətbəxinin şirniyyatları nümayiş etdirilib.
ADA Universitetinin yerli və xarici tələbələrini, professor-müəllim və işçi heyətini, həmçinin tərəfdaş qurumların nümayəndələrini bir araya gətirən festivalda iştirak edənlər yazın gəlişini qeyd ediblər.
Xalq artisti Röya Ayxan və DJ Çinanın iştirakı ilə keçirilən sözügedən yaz tədbiri həmçinin ADA tələbələrinin və əməkdaşlarının da qoşulduğu əyləncəli “Ən yaxşı xonça” müsabiqəsi ilə yadda qalıb. Müsabiqədə qalib gələn iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.
ADA Universitetinin işçi həyətindən ibarət rəqs və musiqi qrupunun ifaları bu günü daha da əyləncəli edib. Habelə festival ərazisində təşkil edilən və Novruz bayramının qədim adət-ənənələrindən irəli gələn fərqli rituallarda iştirak isə qonaqların marağına səbəb olub.
Qeyd edək ki, ADA Universitetinin ənənəvi yaz tədbiri olan Bahar Gənclik festivalı təbiətin oyanışını, eləcə də milli-mənəvi dəyərlərimizi və icma ruhunu əks etdirir. Bu festival həmçinin Universitetlə özəl sektorun tərəfdaşlığının uğurlu nümunəsidir.