Azərbaycan əsgərinin qüdrətini Qarabağ Zəfərində hər kəs görmüşdü. Hətta 30 ilə yaxın zaman kəsiyində torpaqlarımızda yurd yuva salan ermənilərin köçürülməsində belə, öz insani keyfiyyətlərini heç bir zaman itirməyərək, düşmənə belə əl tutdular.
Keçən ilin yay aylarında qardaş Türkiyənin meşələrindəki kütləvi yanğınların qarşısının alınmasında da, Azərbaycan əsgəri özünü təhlükəyə ataraq Türk bayrağını yanan evin içindən ürəyinin üzərinə qoyub, qorumasını bildi.
Bugün qardaş ölkədə yaşayan bacı və qardaşlarımızın başına gələn fəlakətdə onlara dəstək olmaq üçün sadəcə Azərbaycan əsgəri deyil, illərdir qaçqın və məcburi köçgün həyatı yaşayan ən sıravi Azərbaycanlım da, evindəki yastığını belə qardaşına vermək üçün yardım əlini uzadacaq qədər zəngin ürək sahibidir.
Rusiyada yaşayan minlərlə Azərbaycanlı soydaşımın Türkiyənin və Azərbaycanın Moskvadakı səfirliyinə, konsolluğuna yardım daşımaları, dünyanın hər yerindəki Azərbaycanlıların yaxınını yaşanan fəlakətdə itirən bir Türk kimi göz yaşları içində bu qəmi, bu kədəri paylaşması bir daha iki diyarda döyünən tək bir ürək olduğumuzu sübut edir.
Bugün Türkiyə Xarici İşlər Naziri Mövlut Çavuşoğludan, Kayseri İcra Hakimi (Valisi) Gökan Çiçeye qədər hər kəs Azərbaycan əsgərlərinin fəlakət yerində necə canla başla çalışdığını vurğulayır. Bugün hər bir Azərbaycan əsgəri Türk qardaşlarımızı xilas etmək uğruna öz həyatlarını risqə atır. Bu fədakərlığı sadəcə bir qardaş gözə ala bilərdi.
Qaçqın və məcburi köçkünümün Türk qardaşına yardım üçün əlindəki bir parça çörəyini belə paylaşması, Alovlanan bir evdən əllərinin yanmasını gözə alsa da Türk bayrağını qoruyan əsgərimizin var olması, Azərbaycanımın rəsmisindən ən sıravi insanına qədər Türk qardaşlarımız üçün səfərbər olmaları bugün fəlakət nəticəsində bu qədər Türk qardaşımızın ölüm acısını dindirəcək tək təsəllimizdir, deyə bilərəm.
Bugün isə, Azərbaycan əsgəri bir kəs daha Azərbaycan əsgərinin nə qədər qüdrətli və qətiyyətli iradə sahibi olduğunu nümayiş etdirdi. Bugün Azərbaycan əsgəri hər xilas edilən bir canı sevinc gözyaşları ilə qarşılamaqla yanaşı, Əli Sirzadov adlı bir Azərbaycan əsgəri zəlzələnin törtöküntüləri altından toplu ziynət əşyaları tapır və bunu dərhal Türkiyə polisinə təslim edir.
Bu addım bir qardaşın bir qardaş qarşısındakı dürüst yanaşmasıdır. Bu addım əslində Azərbaycan əsgərinin qüdrətini göstərən sadəcə sadaladığım örnəklərdən biridir. Əli Sirzadov adlı Azərbaycan əsgərini mənə iftixar hissi ilə anlatan bir Türk jurnalistindən bunları duymaq qədər möhtəşəm bir duyğu hər halda ola bilməzdi.
Sağol Azərbaycan Əsgəri! Sən Zəfərin adını qızıl hərflərlə yazmışdın. Azərbaycan Xalqı günlərdir qardaşlığın, birlik və bərabərliyin sözün əsl mənasında səlnaməsini yazdı. Azərbaycan Əsgəri Əli Sirzadov isə öz örnək addımı ilə Türk qardaşlarımızın könlündə dürüstlük və qətiyyətli iradənin abidəsini qoymağa müvəffəq oldu!
Bugün bir Türk jurnalisti, bugün bir Türk polisi, bugün Türkiyədəki xilasediciləri “Azərbaycan bizim özümüzük, Azərbaycan bizim qanımız, canımızdır! Azərbaycan əsgəri dürüstlük və qətiyyətli iradənin abidəsidir” deyirlər.
Əsgər Sirzadov, Çox Yaşa! Sən sadəcə Türk qardaşlarımızın canını xilas etmədin, sən hər birimizin qəlbində möhkəm iradə və dürüstlük abidəsini ucaltdın!
P.S: İstər Azərbaycan Əsgəri, istər Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, hər biriniz var olun! Sizlərin əməyinizi danmadım. Sadəcə bütün Azərbaycan Xalqının fədakarlığını Zəfərimizi bizə qazandıran Dəmir Yumruq, Azərbaycan Əsgəri adı altında, məhz Əsgər Əli Sirzadovun addımı ilə möhürləmək istədim. Çünkü millətimizi belə gözütox, namuslu və möhkəm iradə sahibi olaraq tanıdan hər bir həmvətənlimlə sözün əsl mənasında fəxr edirəm! Çünkü insani keyfiyyətlərin təməli məhz bu üç faktordan ibarətdir. Var olsun üzümüzü ağ, başımızı uca edən həmvətənlilərim!
Ülkər Fərmanqızı