Türkiyənin müxalif Demokratiya və Təşəbbüskarlıq (DEVA) Partiyasının sədri, keçmiş xarici işlər və iqtisadiyyat naziri Ali Babacan ölkəsinin istehsal etdiyi pilotsuz uçuş aparatları ilə bağlı tənqidi fikirlər səsləndirib.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, Babacan PUA-ların təbliğat vasitəsinə çevrildiyini söyləyib.
“PUA-lar iqtidarın ən önəmli propoqanda xammalıdır. Müqəddəsləşdirilib, toxunulmaz elan olunub. İnciməyin, ona da toxunacağıq”, – deyə Babacan bildirib.
Müxalif Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə ona tviter səhifəsində cavab verib.
“Babacan PUA-lara toxunacaqmış. Yox, qardaşım. Biz partiya olaraq PUA-larla bağlı siyasəti düzgün sayırıq. Prezident olanda müdafiə sənayesi yatırımlarını artırmağa davam edəcəyik. Bu, siyasətdən üstün bir milli məsələdir. Bu gün müdafiə sənayesinə “toxunacağıq” deyənlər məsul olduqları dönəmdə Türk Silahlı Qüvvələrinə qarşı tələlərə, hüquqsuzluqlara nədən səs çıxarmayıblar, toxunmayıblar?”, – deyə İncə sual ünvanlayıb.