İranın Azərbaycanla “söz güləşi” hücumla bitəcək?

14 Noyabr, 10:15

Prezident İlham Əliyev 8 noyabr Zəfər günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxış edərək önəmli mesajlar səsləndirib. Dövlət başçısı İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi və Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının mandatının artırılması məsələsinə də toxunaraq, ölkəmizin mövqeyini bəyan edib.

“Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”, – Prezident İlham Əliyev Azərbaycanın düşmənlərinə ünvanladığı mesajında bildirib.
Rusiya sülhməramlılarının aqibətinə gəlincə, Ali Baş Komandan onların Qarabağda müvəqqəti yerləşdirildiyini diqqətə çatdırıb: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər. 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir”.
“İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib ki, İranla Azərbaycan arasında yaranmış hazırkı gərginlik Rusiya ilə Iran arasında münasibətlərin yaxınlaşması ilə müşayiət olunur. Rafiq Əliyev proseslərin fonunda bir neçə məqamı vurğulayıb:

 

“Bir çoxları “Zəngəzur dəhlizi”nin tezliklə açılacağını gözləyirlər. Düşünürəm ki, “bu xəmir hələ çox su aparacaq”. “Zəngəzur dəhlizi” Türkiyənin həm quru, həm də dəniz yolu ilə Orta Asiyaya çıxışını təmin edə bilər. Ona görə, İranı və Rusiyanı narahat edir. Bu normaldır. Həmin amil Rusiyanın da maraqlarına uyğun deyil. Çünki ortada Türk birliyi məsələsi var və bu, Rusiya üçün qıcıqlandırıcı amildir. Türkdilli dövlətlər birliyinin güclənib regional qüvvəyə çevrilməsi Rusiya və İran tərəfindən normal qəbul edilmir. Bu da başadüşüləndir…

Türkiyə-Rusiya münasibətləri indiki səviyyədə, dəyişmədən qalarsa, Türkiyənin Orta Asiyaya çıxışı Rusiya üçün ciddi təhlükə yaratmazdı. Amma Rusiya Cənubi Qafqazı və Orta Asiyanı özünün təsir dairəsində hesab etdiyinə görə, bura Türkiyə kimi NATO-nun üzvü və Azərbaycanla strateji əməkdaşlığı olan böyük bir dövlətin girişini həzm edə bilmir. Bütün bunları İran-Azərbaycan münasibətlərinin ikitərəfli kontekstində dəyərləndirmək düzgün olmazdı. Burada İran, Türkiyə, Rusiya, Azərbaycan siyasətinin mərkəz xəttini, faydalı nöqtəsini tapmaq lazımdır”.


İranın və Rusiyanın Cənubi Qafqazda öz mövqelərini zəiflətmək istəmədiyini diqqətə çatdıran Rafiq Əliyevin fikrincə, dövlətlər bu mövqeyi ikilikdə müdafiə edəcəklər:

“Buna görə oxşar siyasət yürüdürlər. Ən maraqlısı da elə budur. Mən şəxsən bu yaxınlarda Cənubi Qafqazda ciddi siyasi, hərbi münaqişənin yaranmasına inanmıram. Burada ilk növbədə ABŞ və “sanksiyasevər” Qərb maraqlıdır. Mənə elə gəlir ki, biz Qərbə bu imkanı verməməliyik. Cənubi Qafqazda sülhün bərqərar olması bu zonada yerləşən bütün ölkələrin marağındadır”.

Sabiq komitə rəhbəri bölgədə İranın atmacalarının hər zaman yaşandığını, “söz güləşi”nin davam edəcəyini söyləyib:

“Bu həmişə olub, yenə də olacaq. İnanmıram ki, son zamanlar yaşanan gərginlik hansısa formada silahlı münaqişəyə gətirib çıxarsın, bu absurd fikirdir. Siyasətçilər, politoloqlar az qala bir-biri ilə yarışa girib ki, kim daha kəskin, bəzən də, təhqiredici  fikir söyləyəcək. Bu qeyri-rasional hərəkətdir və Azərbaycanın faydasına xidmət etmir. İkitərəfli ittihamların ciddi qarşıdurmaya gətirəcəyinə inanmıram. İran Azərbaycana hücum etməyəcək, buna heç bir siyasi, hərbi əsas yoxdur”.