Əsli Kazımova: “ABŞ regionun geosiyasi dinamikasının Azərbaycandan asılı olduğunun fərqindədir”

24 May, 10:10

“ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda bir çox önəmli məqamlara toxunulub”.

Bu sözləri Voicepress.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, ABŞ prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini görmək mümkündür:

“Baydenin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd etdiyim kimi önəmli məsələlərə toxunulub. Birmənalı şəkildə qeyd etmək gərəkir ki, Baydenin Azərbaycanın regiondakı rolunu aydın şəkildə ifadə edərək, iki ölkə arasındaki münasibətlərin gələcəyi və Azərbaycanın mövcud siyasi müstəvidə dünya dövlətləri içərisində tutduğu mövqeni yüksək dəyərləndirdiyini görmək mümkündür. Belə ki, hazırda Azərbaycan Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə ilə daha çox diqqət cəlb edir. ABŞ isə Azərbaycanın bölgədə artan önəminin yaxşı fərqindədir. Amerika Birləşmiş Ştatları bu gün bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə, eləcə də Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulması məsələsinə də böyük önəm verir. Hətta ABŞ bu yöndə yardımlarını da əsirgəməyəcəyini qeyd edir.
Ümumiyyətlə, Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubu dəyərləndirdikdə, açıq aydın görə bilərik ki, ABŞ regionun geosiyasi dinamikasının Azərbaycandan asılı olduğunun fərqindədir. Yəni Azərbaycanın bu gün regionda əhəmiyyətinin artdığını, qlobal iqtisadi və humanitar layihələrdə öz sözünü deyməyi bacaran nüfuzlu bir ölkə olduğunu, öz resursları, iqtisadi rezervləri sayəsində istənilən sınaqdan cıxmağı bacaran, hər şeydən əvvəl Ermənistandan fərqli olaraq, müstəqil siyasətə malik güclü bir dövlət olduğunu çox yaxşı dərk edir. Ona görə də, ABŞ-ın bundan sonra da, Azərbaycanla əməkdaşlığı yeni müstəvidə davam etdirməkdə maraqlı olduğunu deyə bilərik.

ABŞ-ın Azərbaycanın Ukrayna məsələsindəki mövqeyini və Ukraynaya bir çox məsələlərdə yardımlarını da dəstəklədiyini görmək mümkündür. Amerika Azərbaycanın hər zaman sülh və barışdan yana bir mövqe sərgilədiyini qeyd edərək, Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərdə Azərbaycanla bərabər addımlamağa hazır olduğunu açıq bir şəkildə ifadə edir.
Bu gün Azərbaycanın ABŞ tərəfindən regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verən, xarici siyasətdə regional lider kimi mövqeyini möhkəmləndirib və torpaqlarını işğaldan azad etməyə müvəffəq olan bir dövlət olaraq dəyərləndirilməsi önəmli tendensiyasdır. Və bu faktorun yaxın gələcəkdə ölkəmizin beynəlxalq arenadaki nüfuzunun artmasına, mövqelərinin daha da gücləndirilməsinə öz tövhəsini verəcəyini söyləməyə əsas verir”.

\voicepress.az\