“Qarabağ”ın tədbirinə dəvət olunmayan jurnalistlər Qurban Qurbanova açıq məktub ünvanladı

18 May, 14:21

Ötən gün çempionluğunu rəsmiləşdirən “Qarabağ” futbol klubu “Dreamland” qolf adasında bu məqsədlə geniş tədbir keçirib. Tədbirə dəvət olunmayan idman jurnalistləri klub rəhbərliyini ədalətsiz davranmaqda ittiham edib.

 Voicepress.az xəbər verir ki, bu məqsədlə də idman jurnalisti Araz Əhmədov facebook hesabında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova açıq məktub ünvanlayıb.

“Ötən gün çempionluğunu rəsmiləşdirən Ağdam klubu “Dreamland” qolf adasında uğurunu qeyd edib. Tədbirdə klubun sahibi, prezidenti, futbolçuları, məşqçi və inzibati heyəti ilə yanaşı jurnalistlər iştirak edib. Bura qədər hər şey əla, hər şey çox gözəl. Amma nədənsə bu gözəlliyi gözdən salmaq istəyənlər, bu tədbiri fürsət bilərək məqsədlərinə nail olublar.

Təəssüf ki, ədalətli oyun prinsipinə sadiq olmasına görə mükafata layiq görülən Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın rəhbərliyi o qədərdə ədalətli davranmayıb. Belə ki, mərasimə dəvət olunan jurnalistlərin siyahısında mən də daxil olmaqla xeyli adam yer almayıb. 20 ildən çoxdur idman jurnalisti kimi fəaliyyət göstərən, futbolçuluq dönəmindən Qurbanovun özündən, birgə uğur qazandığı “Qarabağ”dan minlərlə yazı, xəbər, müsahibə yazan, efirlərdə, xaricdə, təmsil olunduğum beynəlxalq tədbirlərdə, qardaş Türkiyədə daim Qurban hocanın və “Qarabağ”ın uğurundan fəxrlə bəhs edən Araz Əhmədov(yeri gələndə haqlı tənqid edən), 30 ilə yaxındır Avropada, FİFA və UEFA-nın toplantılarında, əcnəbi mediada Ağdam klubunu, onun çalışdırıcısını  təbliğ edən Rasim Mövsümzadə, Azərbaycan Premyer Liqasının matçlarının müzakirə edildiyi verilişin eksperti, ölkə futbolunda o reallıqları obyektiv şəkildə gün üzünə sərən Anar Xanlarov, televiziyada, radioda bir-birindən maraqlı futbol layihələrinin müəllifi olan Rüfat Nadirli, jurnalistikamızın ağır toplarından olan Kenan Məstəliyev, imzası hər kəsə tanış olan Sabuhi Musa və digərləri bu mərasimə dəvət edilməyib. Yəni bu qədər jurnalist unudulub, yaddan çıxıb?!

Təbii ki, yox. Belə görünür ki, haqq və ədalət prinsiplərinə riayət ancaq göstəriş və nümayiş üçündür. Bəzi insanlara öncədən deyim ki, mən “Qalatasaray” və ancaq “Qalatasaray” azarkeşiyəm. İçi mən daxil yuxarıda adını çəkdiyim jurnalistlərin heç biri yeyib-içmək, şadyanalıq həvəskarı deyil. Sadəcə bir misal çəkim – “Trabzonspor” Türkiyə Super Liqasında çempion olduqdan sonra qutlamalara komandanı, baş məşqçi Abdullah Avcını ən ciddi tənqid edən media əhlini dəvət etmişdi. Demək ki, sıra “Qarabağ”a gələndə “kruq” söhbəti dövriyyəyə girir.”

\voicepress.az\