Naxçıvanın Kərki və Qazaxın 7 kəndinin taleyi necə olacaq?

5 May, 10:30
Tavuş-Qazax sərhədi

“Zaman -zaman Rus İmperiyası tərəfindən Azərbaycan torpaqları bölünüb və qonşu dövlətlərə pay edilib”.

Bu sözləri Voicepress.az-a açıqlamasında millət vəkili Musa Quliyev söyləyib.
Onun sözlərinə görə, qədim Azərbaycan torpağı olan Dərbənd və Dərbənd ətrafı bölgələr, Borçalı mahalı, İndiki Ermənistanın yerləşdiyi bütün ərazilər, Azərbaycanın Arazdakı Cənub torpaqları vaxtıilə Azərbaycan torpaqları olub: “Amma zaman dəyişib. Mövcud reallığa uyğun olaraq BMT-nin tanıdığı sərhədlər daxilində müasir və müstəqil Azərbaycan öz ərazilərini bərpa edib. Bu gün də bu prosesi davam etdirilir. 2020 ci ilin payızında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan il ərzində işğal altında qalan torpaqlarını işğaldan azad etdi və öz tarixi sərhədlərinin bir qisminə yaxınlaşmış oldu. Əlbəttə hazırda post müharibə dövründə söhbət 10 noyabr 2020 ci ildə imzalanan üçtərəfli bəyanatın maddələrinin icra olunmasından gedirsə, burada sərhədlərin delimitasiyası və demorkasiyası mütləq sürətdə olmalıdır. Bu tendensiya Azərbaycan və Ermənistan arasında uzun müddətli sülh müqaviləsinin bağlanması üçün də, olduqca vacib amildir. Ermənistan istənilən bəyanatlarla və vədlərlə bu prosesi ləngitməyə çalışır. Görünür nələrəsə ümidi var. Digər tərəfdən bu gün Ermənistan daxilində vahid bir fikir yoxdur. Paşinyan ölkədaxili qüvvələrdən ehtiyat edərək, sərhədlərin delimitasiyası məsələsini ləngitməyə davam edir. Amma son Brüssel görüşmələri, daha sonra Paşinyanın Moskvada Putinlə görüşməsi bu prosesin bir qədər sürətlənməsinə gətirib çıxaracaq. Xüsusilə Cənab Prezident İlham Əliyevin son dövrlərdə, bir- birinin ardınca verdiyi bəyanatlar Ermənistanı sərhədlərin tanınması üçün komissiyanın yaradılması məsələsini ləngitməməyə sövq edəcək. İlham Əliyevin sonuncu bəyanatı “Əgər Ermənistan sərhədlərimizi tanımasa, biz də Ermənistan sərhədlərini tanımayacağıq və müharibə başlayarsa, Azərbaycan hərbi yolla öz tarixi torpaqlarını geri qaytarmaq üçün əlindən gələni edəcəkdir”, deyə qeyd etdi. Bu isə birmənalı olaraq, Zəngəzurun, İrəvanın və Göyçə mahalının Azərbaycana geri qaytarılması deməkdir… Amma biz məsələlərin təkamül yolu ilə həllinə üstünlük veririk. Çalışırıq ki, mərhələ ilə bu kimi niyyətlərimizə çataq. Ona görə də, hesab edirəm bizim qarşımızda duran bir nömrəli vəzifə Ermənistanla davamlı sülh müqaviləsini imzalamaq və sərhədlərimizi dəqiqləşdirməkdir. Şübhəsiz ki, Azərbaycanın Naxçıvan bölgəsindəki Kərki və Qazaxın yeddi kəndi sovet dövnəmində anklav kimi fəaliyyət göstərirdi. 90-cı illərin əvvəllərində isə bu torpaqlar Ermənistan tərəfindən işğal olunmuşdu. Naxçıvan bölgəsindəki Kərki və Qazaxın yeddi kəndinin taleyi təbii ki, sülh müqaviləsindən öncə müəyyənləşəcək. Burada ərazi mübadiləsindən də, həmin ərazilərin Azərbaycana qeyidsiz-şərtsiz qaytarılmasından da söhbət gedə bilər. Bu faktorlar danışıqlar masasında öz həllini tapacaq. Əvvəlcə sərhədləri müəyyənləşdoirmək lazımdır. Bunun üçün də sadəcə sovet dövrünə aid bir xəritədən deyil, bir neçə xəritədən istfadə olunacaq. Əsasən 1918-1990 cı illərə aid xərtələrlə yanaşı, Rusiyalı ekspertlərin də müəyyən iştirakı gözlənilir”.

Günel Musa\voicepress.az\