“Erməni soyqırımı ilə bağlı inkar və tarixi relativizm faktları çox ədalətsizdir, erməni xalqı, soyqırıma məruz qalmış digər etnik azlıqlar, məsələn, assuriyalılar və ya Pontik yunanları üçün təhqirdir”.
Voicepress.az xəbər verir ki, bu fikirləri İspaniya Parlamentinin konqresmeni Con İharritu Ermənistan mətbuatına verdiyi müsahibəsində deyib. İspaniya parlamentinin Qondarma Erməni Soyqrımını hələ də tanımamasına təəssüfləndiyini bildirən konqresmen, Azərbaycan və Türkiyə hökuməti haqqında sərt ifadələr işlədib.
İspaniyada artıq erməni soyqırımını tanıyan Bask Parlamenti və ya Kataloniya Parlamenti kimi bir sıra parlamentlərin olduğunu qeyd edən Con İharritu Qondarma Erməni Soyqrımının İspaniya və digər dövlətlər tərəfindən tanınmamasında Türkiyəni günahlandırıb:
“Təəssüf ki, İspaniya Konqresi hələ də soyqırımı tanımayıb. İkincisi, ümid edirəm ki, bu, tezliklə dəyişə bilər: İspaniya parlamenti 20-ci əsrin ilk soyqırımını tanıyar. Hesab edirəm ki, İspaniya və digər dövlətlər tərəfindən soyqırımın tanınmamasının səbəbi Türkiyənin təzyiqidir. Lakin faktlar tarixən aydındırsa, mümkün deyil ki, bunun adı – soyqırım olaraq tanınmasın. Hesab edirəm ki, erməni soyqırımı ilə bağlı inkar və tarixi relativizm faktları çox ədalətsizdir, erməni xalqı, soyqırıma məruz qalmış digər etnik azlıqlar, məsələn, assuriyalılar və ya Pontik yunanları üçün təhqirdir. Amma eyni zamanda bütün bunlar Türkiyə cəmiyyətinə də sərfəli deyil”.
Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin başlanmasına münasibət bildirən konqresmen münasibətlərin ancaq Türkiyənin öz tarixi “günahlarını” boyunlarına aldıqları zaman normallaşa biləcəyini deyib:
“Mən Türkiyəni tanıyıram, həyatımın qısa müddətini Türkiyədə yaşamışam. Bu, gözəl ölkədir, lakin düşünürəm ki, ermənilərlə bağlı tarixi faktların tanınması Ermənistanla münasibətlərin yaxşılaşmasına kömək edəcək və eyni zamanda bu tarixi ədalətin təsdiqi olacaq. Düşünürəm ki, Türkiyə öz tarixinin dramatik hadisələrini nəzərə almaq üçün Almaniyadan nümunə götürməlidir. Bu, Türkiyəni zəiflətməyəcək, əksinə, Türkiyəni daha layiqli və güclü edəcək”.
Con İharritu Azərbaycanın haqlı savaşına “kütləvi qırğın” donu geyindirən erməni jurnalisitin sualına təxribat xarakterli cavab verib. O, Azərbaycan dövlətinin 44 günlük haqlı savaşını hərbi cinayət adlandırıb:
“Əliyev rejimi və onun Qarabağdakı müttəfiqlərinin törətdiyi hərbi cinayətlər göz qabağındadır. Mən özüm də baş verənlərin şahidi oldum. Bu əməllərə görə məsuliyyət daşıyanlar beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır. Hesab edirəm ki, belə hadisələrin qarşısını almağın ən yaxşı yolu beynəlxalq ictimaiyyətin Qarabağı “Xilas naminə ayrılma” qətnaməsinin aydın nümunəsi kimi tanımasıdır. Bu, yeni cinayətlərin qarşısını alacaq, Qarabağ ermənilərinə öz tarixi torpaqlarında sülh şəraitində yaşamağa, Cənubi Qafqazın digər ölkələri və xalqları ilə münasibətləri yaxşılaşdırmağa kömək edəcək. Fürsətdən istifadə edərək, Erməni Soyqırımı Qurbanlarının Anım Günündə mən erməni xalqına həmrəyliyimi və dəstəyimi bildirmək istəyirəm.”
Günel Musa \Voicepress.az\