Marukyan: “Başkəndin Ermənistana məxsus olması üçün hüquqi əsaslar var”

12 May, 12:20

“Brüsseldə Ermənistanın Azərbaycana təqdim etdiyi sənəddə “Qarabağın” statusu və təhlükəsizliyi ilə bağlı məsələlər var”.

Voicepress.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan Respublikasının Xüsusi Tapşırıqlar üzrə səfiri Edmon Marukyan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun açıqlamalarına cavab olaraq deyib.

Azərbaycan xarici işlər nazirinin müavini Xələfovun, aprelin 6-da Brüsseldə Ermənistan Respublikası Azərbaycanın təqdim etdiyi 5 bənd əsasında Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlamağa razılaşıb, kimi fikrinə münasibət bildirən Marukyan qeyd edib ki, Azərbaycanın təqdim etdiyi təkliflərdə Ermənistan üçün qəbuledilməz heç nə yoxdur: “Biz bunu dəfələrlə qeyd etmişik. 21 mart 2022-ci ildə Ermənistan Respublikasının Xarici İşlər Naziri “Martın 10-da Azərbaycanın təqdim etdiyi təkliflərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Sadəcə bu təkliflər Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyinin bütün məsələlərini əhatə etmir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinə verdiyimiz cavabla biz bu gündəliyi tamamladıq və bu əsasda sülh danışıqlarına başlamağa hazırıq”, -deyə Marukyan qeyd edib.

Aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan Respublikasının Azərbaycan tərəfinə təhlükəsizlik məsələlərini, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının müdafiəsini və Dağlıq Qarabağın yekun statusunu özündə əks etdirən 6 bəndlik təklif irəli sürməsi ilə bağlı məsələdən sonra Azərbaycan xarici işlər nazirinin müavininin Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağı və bu məsələlərin delimitasiya və demarkasiya prosesində həll olunacağını qeyd etməsini də şərh edən Marukyan bu faktörü qəbuledilməz hesab edir:

“Dəfələrlə demişik ki, delimitasiya və demarkasiya prosesləri müvafiq de-yure faktlara və sənədlərə əsaslanmalıdır. İndiki məqamda Ermənistan ərazisində Azərbaycan anklavlarının heç vaxt de-yure mövcud olması ilə bağlı heç bir hüquqi əsasımız yoxdur. Əksinə, Gədəbəy yaxınlığında yerləşən Başkənd olaraq tanınan kəndin Ermənistana məxsus olması üçün hüquqi əsaslar var. Eyni şey Ermənistana məxsus bir sıra ərazilərə, o cümlədən ötən may ayında Azərbaycan qoşunlarının nəzarətinə keçmiş Zod-Xəznəvar hissəsinə də aiddir. Bu məsələlər, təbii ki, delimitasiya və demarkasiya prosesində müzakirə edilməli və öz həllini tapmalıdır”.

Ülkər Fərmanqızı\voicepress.az\