İran Türkiyənin Araz çayı üzərində bəndlər tikməsini qəbuledilməz hesab edir

11 May, 22:45

“Hesab edirik ki, Araz çayı hövzəsinin bütün ölkələri bu məsələni bir-biri ilə müzakirə etməli və bu su ehtiyatından ədalətli istifadə etməlidirlər”

Voicepress.az xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian Ermənistan Respublikası və İran İslam Respublikasının Birgə Hökumətlərarası Komissiyasının 17-ci iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyənin bəndlərin tikintisi ilə bağlı atdığı addımlar Araz çayı hövzəsi ölkələri ilə razılaşdırılmır.

“Biz bununla bağlı öz etirazımızı bildirdik və hesab edirik ki, Araz çayı hövzəsinin bütün dövlətləri bəndlərin tikintisi ilə bağlı birgə çalışmalı, həmçinin Araz çayının suyundan istifadə baxımından birgə hərəkət etməlidirlər və birtərəfli yaxınlaşmaq Araz çayı üçün təhlükəli ola bilər”, – deyə İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.

Mehrabian qeyd edib ki, İran tərəfi Türkiyəyə öz narahatlığını qeyd edib: “Türkiyənin müvafiq orqanlarının nümayəndələri ilə çoxsaylı görüşlərimiz oldu və onlar bizi əmin etdilər ki, bu kimi məsələləri aradan qaldırmaq üçün mütləq lazımi addımları atacaqlar.
Hesab edirik ki, Araz çayı hövzəsinin bütün ölkələri bu məsələni bir-biri ilə müzakirə etməli və bu su ehtiyatından ədalətli istifadə etməlidirlər”.

Qeyd edək ki, Türkiyə DAP və GAP adlı iki layihənin icrası ilə İran, İraq, Azərbaycan və Ermənistanla sərhəd çayları üzərində 15-dən çox bənd inşa edib. DAP layihəsi Türkiyənin 14 vilayətini əhatə edir ki, bu da Fərat suyunun dörddə üçünün aşağı axın ölkələrə daxil olmasına mane olur. Bu bəndin tutumu İrandakı 650 bəndin ümumi tutumundan çoxdur. Bu layihə sərhəddə və İranın qonşuluğunda həyata keçirildiyi üçün hidropolitik əhəmiyyətə malikdir və İranın su ehtiyatlarına, eləcə də, ekoloji vəziyyətinə, xüsusilə də Araz Beynəlxalq çayına təsir edə bilər. Türkiyənin nəhəng layihələri bundan sonra bu hidropolotiki layihələrin aşağı axınında yerləşən İran, İraq və Azərbaycanın su daxilolmalarını kəskin şəkildə azaldacaq və beləliklə çox da uzaq olmayan bir gələcəkdə bu bölgədəki ölkələr ciddi su böhranı ilə üzləşəcəkləri ehtimal olunur. Karaput bəndi Araz hövzəsindəki bəndlərdən sadəcə biridir ki, təkmilləşib və DAP adlı layihəyə aiddir. Bənd su elektrik stansiyasından istifadə etməklə yanaşı, yalnız su hövzəsinin yuxarı axın ölkəsi üçün iqtisadi rifah gətirəcək. Amma aşağı hissədə İranın 3 vilayətində içməli suya və kənd təsərrüfatı torpaqlarının münbitliyinə mənfi təsiri ilə yanaşı, ərzaq təhlükəsizliyini təhlükə altına ataraq, miqrasiya böhranına gətirib çıxara bilər.

Hər bir ölkənin öz çayları üzərində bəndlər tikmək hüququ var, lakin beynəlxalq hüquqa görə, qonşu ölkələrin və ətraf mühitin də su haqqı var bu su, əslində regionun ekologiyası üçündür və bu su haqqı diplomatiya yolu ilə bu ölkələrdən tələb olunmalıdır. Bundan əlavə, ekspertlərin təklif etdiyi həll yolları və ölkələr arasında birgə görüşlərin keçirilməsi də effektli ola bilər. Bu baxımdan Türkiyə, Ermənistan, Azərbaycan Respublikası, İraq və İranın iştirakı ilə su diplomatiyası strategiyasının formalaşdırılmasına ehtiyac duyulmaqdadır.

Ülkər Fərmanqızı \voicepress.az\