12 dekabr 2003. “Space” TV. Məşhur “Gecə kanalı”. Verilişin ən populyar vaxtıdı. Daimi tamaşaçılar ikiyə ayrılmış kimidir. Nərgiz Cəlilovanın öz publikası, İlhamiyyə Rzayeva ilə Həmid Herisçi cütlüyünün öz publikası. Nərgiz Cəlilova ilə biz işləyirik – İradə Tuncay, Lalə Əliyeva və bu sətirlərin müəllifi. Dekabrın 2-ci ongünlüyüdür. Yeni il ərəfəsi çal-çağır olacaq deyə ayın ortasını bir az ağırlaşdırmaq qərarına gəlmişik.
Mövzumuz geniş kütləni maraqlandıran mövzudur – dəfn və yas mərasimləri, bununla bağlı dini və milli adətlər, dünya və biz. Qonaqlar – Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəsmisi, bir ilahiyyatçı alim, bir tarixçi, bir şair. Proqrama həmişəki kimi həftənin əvvəlindən hazırlaşırıq. Yəni bir həftə redaksiya yas havasına köklənib, müsahibələr, sorğular, faktlar, mənbələr. Hər birimizin şüuraltısında da bir nigarançılıq var – hamının nəzəri Klivlenddədi. 2003-cü ilin aprelində Respublika Sarayındakı təntənəli yığıncaqda qəfil ürək tutmasından huşunu itirən ölkə başçısı neçə aydı can savaşındadı. Hamı Heydər Əliyevin səhhəti barədə məlumat almaq, onun sağ-salamat geri dönəcəyinə inanmaq istəyir. Efir üçün yas mövzusu işləməyimizdən özümüz də xoflanırıq. Bu nə mövzu idi gəldi ağlımıza? Düşər-düşməzi olar. Səksəkə ilə efir işləyirik. Bu dəm xəbər gəlir ki, uzun illər Azərbaycana rəhbərlik etmiş müdrik ağsaqqal dünyasını dəyişib. “Space”in canlı efirində “Gecə kanalı”dır. Din adamları, üləmalar yas ənənələrini müzakirə edirlər, tamaşaçılar bu ruha köklənib. Və xəbər sanki verilişlə üst-üstə düşür. Nərgiz Cəlilova gerçək emosional şok halında məlumatı tamaşaçıya çatdırır və elə oradaca din xadimləri mərhumun ruhuna dualar oxuyur, efirdə ilk fatehə verirlər.
Sonradan ayrı-ayrılıqda bizdən çox soruşacaqlar – “Bilirdiniz ki? Proqramı xüsusi tapşırıqla hazırlamışdınız?” Yox, təbii. Bu bir təsadüf idi, zərurətdən doğan təsadüf. Bəlkə də onun ilk fatihəsi məhz efirdən səslənməli, dualar efir dalğaları ilə oralara, yüksəklərə ötürülməliydi. O an dünyanın ən məşhur azərbaycanlısı, Azərbaycanın ən məşhur ağsaqqalı yer üzündəki missiyasını bitirirdi. Buralarda xatirəsi, əməlləri, adı qalacaqdı.
***
Prezident Heydər Əliyev Rusiya kanallarından birinə müsahibə verir. Müxbir “Kimi özünüzə varis görürsünüz?”- soruşur. O, qətiyyətlə “Hakimiyyətdə mən olacağam”,- deyir. Müxbir sualı təkrarlayır – “Bəs sizdən sonra?” “Hakimiyyətdə mən olacağam” ,- deyir Heydər Əliyev. Elə də olur. Bugünkü məmləkət onun qurduğu ölkədir. Bugün hakimiyyətdə onun siyasəti, onun kursu davam etdirilir. O, elə özünün dediyi kimi indi də hakimiyyətdədir.
***
22 iyul 2002. Jurnalistlərin dostu seçilən prezident Heydər Əliyev “Günay” restoranında keçirdiyimiz mətbuat bayramına gəlib. Əflatun Amaşov hələ “RUH”un sədridir. Proqramın bədii hissəsini hazırlamaq və tədbiri aparmaq mənə həvalə olunub. Əvvəldən düşünürəm ki, səhnədə çaşmamaq üçün Heydər Əliyevə tərəf baxmayacam. Və.. ani ajiotaj. Alqış. Sevgi. Prezident artıq aramızda, səhnənin düz qarşısındadır. Himn səslənir və danışmağa başlayıram. Gözüm yalnız ona baxır. Mən yalnız onu görürəm. Enerjisi o qədər sürətli, xarizması o qədər güclüdür ki, çaşdım-çaşmadım başqa variant yoxdur. Sözü ona verirəm. Gəlir. Üzümdən öpür. O qədər doğmadır ki. Lap rəhmətlik atam kimi.
***
Cismani yoxluğunun on illiyində onunla bağlı xatirələrimi sizinlə bölüşdüm. Bu, fəal siyasətlə heç zaman ilgilənməyən bir jurnalistin baxış bucağından bəzi qeydlərdir. Əslində tarixi hadisələrə doğru-düzgün qiymətin verilməsi üçün 10 yox, azı 100 il keçməlidir. Yəni aradan bütöv bir dövr keçməli, sonra geri boylanan tarix millətin fövqünə qalxan insanları seçib əbədi yaşatmalı, adını gələcəyə ötürməlidir Eynən Məmmədəmin Rəsulzadə kimi. Məmləkət taleyində gördüyü işlərdən 100 ilə yaxın bir dövr keçəndən sonra tarix bu gün o böyük şəxsiyyətin dəyərini verir, nəhəngliyini bir daha xatırladır. On il yüz ilə çevrilincə Heydər Əliyev şəxsiyyətinin də konturları daha aydın, daha dəqiq çiziləcək, millətin taleyində səhifələr açan bu nəhəng insan tariximizdə də müqtədir bir şəxsiyyət kimi yaşayacaq. Və hər zaman iqtidarda olacaq – özünün dediyi kimi.
Afaq Vasifqızı








