Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini Paşinyanı “küçə adamı” adlandırdı

9 May, 19:02

Ermənistanda faktiki hakimiyyət ilə müxalifət arasında qarşıdurma davam edir. Ermənistan müxalifətçilərinin bir-birinin ardınca iqtidarla bağlı səsləndirdiyi ittihamlar Ermənistan mediasında manşet olub.

Voicepress.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu gün jurnalistlərlə açıqlama verən Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatruyan Ermənistanda hələ müharibə başlamazdan əvvəl dövlət idarəetmə sistemindən tutmuş orduya qədər hər sahədə problemlər olduğunu deyib.

Nikol Paşinyanı küçədən gələn adlandıran Xaçatruyan  indiki hakimiyyətin Ermənistanı uçuruma apardığını qeyd edib: “Bizim iştirakımızla problemlər həll oluna bilərdi, lakin onlar bizim bu sistemdə olmağımızı istəmədilər. Sadə bir həqiqət var – küçədən gələn adam başa düşmədiyi işi görə bilməz. İnsan dövlətin müharibəyə hazırlanması qaydasını, addımların ardıcıllığını bilmirsə, ona nə qədər başa salsalar da anlaya bilməz.  Düzgün keyfiyyətlərə malik deyildilər, bunu ciddi qəbul etmək istəmirdilər, çünki anladığım qədərilə bütün bunlar onlar üçün o qədər də vacib məsələlər deyildi “.

Müharibənin fərqli nəticəsinin mümkünlüyündən danışan Xaçatryan, “Hər şey mümkün idi, amma 44 günlük müharibə zamanı yaşadığımız vəziyyətdə deyil. Kimsə desə ki, qalib gəlmək mümkündü, deyəcəyəm ki, bu yalandır” deyə əlavə edib.

Günel Musa \voicepress.az\