Ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğında dəymiş ziyanla bağlı bəzi detallar məlum olub.
Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulmuşdu.
Baş verən yanğın Azərbaycanda qida sektorunda hərhansı bir qıtılığa səbəb ola bilərmi. Yağ məhsullarının təminatında böhran yarana bilərmi?
Voicepress.az-ın sualını cavablandıran iqtisadçi jurnalist Əli Əhmədov baş verən yanğında dəyən zərərin miqaysı hələ tam məlum olmadığı üçün analiz aparmağın hələ tez olduğunu bildirib:
“Analiz aparmaq hələ tezdir. Bu saat əlimizdə bunun üçün dəqiq məlumat yoxdur. Olan məlumatlar da çox azdır. Hətta müəssisənin özündə belə dəyən zərərlə bağlı qeyri- müəyyənlik var. Hələ bilinmir ki, nə qədər məhsul məhv olub. Yanğın təzə söndürülüb. İndi baxış keçirilir hələ bundan sonra dəqiq məlum olacaq ki, nə qədər ziyan dəyib.
Amma mənim fikrimcə bu yanğın qida təminatına ciddi təsir göstərməyəcək. “Azərsun” böyük şirkət olsa da ümumi qida sektorunda bir yanğının vurduğu zərər o qədər də hiss olunmayacaq. Xüsusilə də nəzərə alsaq ki, yağ məhsullarını “Azərsun” xaricə də ixrac edir. Kifayət qədər anbarda məhsulları var. Məhsulların bir hissəsi məhv olsa da daxili bazar üçün onlar təminatı normal qaydada həyata keçirə biləcəklər.”
Əli Əhmədov baş verən yanğının anbar və stoklarda təhlükəsizlik tədbirlərinin artırılmasının vacibliyini bir daha göz önünə sərdiyini qeyd edib: “Qida sektorunda sıxıntı yaşanmayacaq. Amma bu hal göstərdi ki, ümumiyyətlə Azərbaycanda sahibkarlığın yeni sahəsi olan anbarlar, stoklar, müxtəlif saxlama tikililərində ciddi təhlükəsizlik tədbirlərinin artırılmasına ciddi ehtiyac var.”
Günel Musa \voicepress.az\








