Naşirlər qanunsuz ƏDV məsələsinə görə bir araya gəldi

27 Aprel, 15:54

 “Qanun” Nəşrlər Evinin akt zalında naşirlərin, yazarların və media nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

Voicepress.az xəbər verir ki, toplantıda kitab üzərində əlavə dəyər vergisinin (ƏDV) qanunsuz olaraq saxlanılması məsələsi gündəmə gətirilib. “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu qeyd edib ki, ölkə başçısının müvafiq fərmanına əsasən kitab və kağızın 18 faiz əlavə dəyər vergisindən azad edilməsi haqda qanun qəbul edilməsinə baxmayaraq, müvafiq icra hakimiyyəti orqanları tərəfindən hələ də kitab satışı və istehsalından və xaricdən gətirilən kağız məmulatlarından hələ də vergi tutulur.

Toplantıda həmçinin  Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri və “Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiq, yazıçı Şərif Ağayar, “Ali və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli də iştirak edərək  məsələ ilə bağlı fikirlərini bölüşüb.

Çıxışlar zamanı bildirilib ki, kağızın qiymətinin qalxdığı bir zamanda ƏDV-nin ödənilməsi böyük, kiçik nəşriyyatlar, habelə mətbəə və kitab mağazaları üçün böyük problemə səbəb olacaq.

Xatırladaq ki, bu günlərdə Şahbaz Xuduoğlu məlum problemlə bağlı Baş nazir Əli Əsədova açıq məktub da ünvanlayıb.

\voicepress.az\