Millət vəkili Paşinyanın iküzlü açıqlamasına münasibət bildirdi

8 Aprel, 14:58

“Ermənilərin ən böyük və tarixi problemi  budur ki, onlar hələ də xəyal dünyasında yaşayırlar.”

Bu sözləri Voicepress.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili  Hicran Hüseynova deyib. O, Paşinyanın Brüssel səfərindən sonra  erməni mətbuatına verdiyi ikiüzlü açıqlamasına münasibət bildirərək qeyd edib ki, Paşinyan, “Ermənistanın nəzarətində Azərbaycan torpaqları, Azərbaycanın nəzarətində Ermənistanın torpaqları var” deməklə sərhədlərin demarkasiya və demilitasiyası barəsində  danışıqlara hazır olduğunu ifadə edir:

“Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin  vasitəçiliyi ilə  Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdü. Görüşdə və görüşdən sonra çəkilən fotolarda Paşinyanı bədən dili onu deyir ki, Baş Nazir heç bir tələb irəli sürməyib, əksinə Azərbaycanın verdiyi təklifləri qəbul edib və onların yerinə yetirilməsi üçün   öhdəlik götürüb.  Lakin   Ermənistanın baş nazirinin açıqlamalarında təzadlı fikirlər var. Belə ki, bir tərəfdən özü də Brüsseldə İlham Əliyevlə apardığı danışıqlarda müəyyən razılıq əldə olunduğunu vurğulayır. O açıqlamasında qeyd edir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlikləri ölkələr arasında sülh sazişinin imzalanması üçün sənəd üzərində işləyəcək.  Digər tərəfdən isə “Ermənistanın nəzarətində Azərbaycan torpaqları, Azərbaycanın nəzarətində Ermənistanın torpaqları var” deyə sərhədlərin demarkasiya və demilitasiyası barəsində  danışıqlara hazır olduğunu ifadə edir. Ermənistan rəhbəri onu da sözlərinə əlavə edir ki, Azərbaycanın rəsmi şəkildə təqdim etdiyi təkliflər arasında İrəvan üçün qəbuledilməz bənd yoxdur. Əlbəttə ki, bu daxili auditoriyaya və erməni diaspora və lobbiləri üçün hesablanmış fikirlərdir.  Ermənistan haqsızdır, o Azərbaycanın torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlamış və bir çox insanlıq əleyhinə cinayətlər işləmiş, azərbaycanlılara qarşı soyqırımı törətmişdir. 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz Zəfər çalaraq Azərbaycanın suveren hüquqlarını, ərazi bütövlüyünü bərpa etdi. Və bu gün Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün təşəbbüslər göstərir. Qardaş Türkiyə dövləti də bu təşəbbüsləri dəstəkləyir.

Ona görə də ermənilərin ən böyük və tarixi problemi budur ki, onlar hələ də xəyal dünyasında yaşayırlar. Onlar qəbul etməlidilər ki, problemin həlli üçün reallığı dərk etməli, boş ideologiyadan əl çəkməli, qonşu dövlətlərə qarşı ərazi iddiasından əl çəkməlidirlər. Hansısa dövlətlərin siyasi elitasına təsir göstərmək, hansısa bəyanatların qəbul olunması hələ o demək deyil ki, onlar ermənilər üçün yaxşı nəsə edirlər. Ona görə də səmimi dialoq və səmimi qonşuluq münasibətləri yaratmaq istəyirlərsə, Ermənistan düzgün seçim etməlidir. İrəvan ya qonşulara qarşı ərazi iddialarından, saxta tarixdən əl çəkib yeni səhifə açmalı, ya da buna məcbur edilməklə razılaşmalıdır.”

Daha sonra millət vəkili Brüssel görüşünün nəticələrini şərh edib:”Brüssel görüşünün nəticələrinə gəldikdə isə  qeyd etmək istərdim ki, “Brüssel formatı” çərçivəsində ilk görüş 2021-ci il dekabrın 14-də keçirilib. Azərbaycan prezidenti ilə Brüssel arasında növbəti məsləhətləşmələr, əldə olunan intensiv əməkdaşlıq Aİ-nin vasitəçilik missiyasının imkanlarını daha da genişləndirdi. Bu görüşü dəyərləndirlən Ş.Mişel də Brüsseldə keçirilən ilk görüşdə tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa doğru addım atdıqlarını bildirdi.  Burada xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, nə qədər çətin olsa da səhifəni çevirməyə və sülh danışıqlarına hazırdır. Buna əyani sübut isə Azərbaycan tərəfindən sülh müqaviləsinin hazırlanması ilə bağlı təkliflərini hazırlanması və qarşı tərəfə təqdim etməsidir.  Lakin biz Ermənistandan müvafiq addımları müşahidə etmirik. Brüssel görüşlərindən bir gün əvvəl İrəvanda müxalifətin mitinqi keçirildi. Aprelin 6-da axşam saatlarında Brüsseldə artıq danışıqlar aparılarkən Ermənistan Tovuz rayonunun Müsürskənd istiqamətindən Azərbaycan ordusunun Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görüb. Bu bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqlar prosesini pozmaq, sülh müqaviləsini imzalamaqdan imtina etməkdir. Bu yanaşma artıq Ermənistanın dövlət siyasətinə çevrilib. Bu və bundan əvvəlki, oxşar hadisələr bir daha göstərir ki, revanşist qüvvələr və onların havadarları hələ də fikirləşirlər ki, nə isə edə bilərlər. Lakin reallıq tamam başqadır.  Onlar bu reallığı qəbul etməli və öz terrorçu və qanunsuz hərbi dəstələrini bizim ərazilərimizdən çıxarmalıdırlar.

Biz bu reallığı Brüssel görüşündə bir daha müşahidə etdik. Uzun sürən danışıqların nəticələri Aİ rəhbərinin Bəyanatında öz əksini tapmışdır. Azərbaycan və Ermənistan yekun sülh sazişinin bağlanması üçün danışıqlara başlayır. Hər iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinə danışıqlara hazırlığa başlamaq tapşırıldı. Əlbəttə ki, bu, Azərbaycan Prezidentinin   sülh müqaviləsi ilə bağlı 5 maddədən ibarət təklifi qəbul sonra mümkün olub. Yəni xarici işlər nazirləri fəaliyyətlərini bu sənədin əsasında quracaqlar.  Burada əsas prinsipial məsələ Azərbaycanın sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığıdır. Eyni zamanda, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunmuşdur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi artıq yeni müstəviyə keçir. Dövlət sərhədində erməni silahlı qüvvələri tərəfindən yaradılan gərginliyin azaldılması üçün ciddi şans var. Ən əsası isə belə işlər mövcud sərhədlərin tanınması və ərazi iddialarının rədd edilməsi istiqamətində mühüm addımdır.”

Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur. Həmçinin, Avropa İttifaqı minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərəcəkdir. Bu təkcə ölkəmizə edilən humanitar yardım deyil, həm də İrəvana artırılan siyasi və diplomatik təzyiqdir. Şübhəsiz ki, Aİ-nin Azərbaycana yenidənqurma işlərində yardım etməyə hazır olması hələ də Azərbaycan ordusunun işğaldan azad etdiyi əraziləri yenidən işğal etmək planlarını həyata keçirən İrəvan “revanşistləri”nə birmənalı mesajdır.

Yəni biz hər bir nəticəni şərh etsək görərik ki, Azərbaycan öz hədəflərinə addım-adım nail olmaqdadır. Xüsusi ilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev bu görüşdə də Azərbaycanın suveren hüquqlarının təsbit olunması siyasətinin əsas prinsiplərini növbəti dəfə rəsmiləşdirdi. Belə ki, qəbul olunmuş yekun sənəddə, yəni Bəyanatda  nə Azərbaycan Prezidentinin ləğv etdiyi “Dağlıq Qarabağ” adlanan ərazi-inzibati vahid, nə də siyasi-hüquqi statusunu itirmiş bədnam ATƏT-in Minsk Qrupunun adı çəkilmir.   Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan “Brüssel formatı” bölgədə sülh və təhlükəsizliyin yaranmasında mühüm platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin inamlı rəhbərliyi, müdrik və çevik diplomatiyası regionun sülhə və daha yaxşı gələcəyinə töhfə verir.”

Ülkər Fərmanqızı\voicepress.az\