Məlahət İbrahimqızı: “AB Cənubi Qafqazı Rusiya monopoliyasından çıxarmaq niyyətindədir”

21 Aprel, 14:30

“Paşinyanın Azərbaycanla bağlı fikirlərində sətiraltı ifadələr var”.

Bunu Voicepress.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından millət vəkili Məlahət İbrahimqızı  deyib.

Onun sözlərinə görə, bu gün Ermənistan çox acınacaqlı vəziyyətdədir: “Ermənistan bu gün dalana dirənib. Nəzərə alsaq ki, Rusiya Ukrayna müharibəsindən dolayı Avropa Rusiyanı təcavüzkar bir dövlət kimi tanıyır. Eyni zamanda Rusiya Avropa üçün də, NATO üçün də bir  təhdiddir. Belə olan halda Azərbaycanın siyasi baxımdan Avropa üçün də, Rusiya üçün də böyük əhəmiyyət kəsb etdiyini görə bilərik. Bu siyasi müstəvidə də, Ermənistanın dalana dirəndiyini və seçim imkanı olmadığını görürük. Çünki bu gün hər kəs bilir ki, Ermənistan Rusiyanın bir əyalətidir. Ermənistan bu gün heç bir şeyə özü qərar vermir. Ermənistan daxilində hər şey Rusiya tərəfindən özəlləşdirilib. Rusiyanın Ermənistanda on mindən çox hərbiçisi olan hərbi bazaları var. Ermənistanın bu günə kimi tək çıxış yolu Rusiya idi. Bu gün də Rusiyaya qarşı hər tərəfdən sanksiyalar tətbiq edilir və bu birmənalı olaraq Ermənistana da təsir edir. Belə olan halda Ermənistan üzünü Avropaya da tuta bilmir. Çünki Ermənistan həmən an Rusiya tərəfinin “qapazına” məzur qalacağını çox yaxşı bilir. Ona görə də, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarına diqqət yetirsək, sətir altı ifadələrlə Azərbaycanın təkliflərini qəbul etməkdən başqa Ermənistanın bir yolu olmadığını ifadə etdiyi görərik”.

Daha sonra Məlahət İbrahimqızı Zəngəzur dəhlizinin Avropa üçün perspektivlərindən danışdı:

“Rusiya-Urayna müharibəsi  başladıqdan sonra Avropanın bir sıra problemlərlə üzləşdiyinə diqqət edək. Bu sadəcə Avropanın Rusiyadan təbii qaz  ehtiyatı asılılığı deyil. Bu gün Avropa komunikasiya və logistik sahədə çox ciddi problemlərlə qarşı qarşıyadır. Çindən Avropaya daşınan yüklər Rusiyanın ərazisindən Ukraynaya, Ukraynadan da Avropaya daşınırdı. Zəngəzur dəhlizi layihəsi bu kimi ciddi problemlərin həlli üçün böyük imkanlar deməkdir. Bu tendensiyanı nəzərə alaraq, aprel ayının əvvəlində Brüsseldə keçirilən üçtərəfli görüşdə Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişelin komunikasya xətlərinin təcili açılması ilə bağlı fikir səsləndirməsi, birmənalı olaraq, Zəngəzur dəhlizi layihəsinə Avropanın nə qədər önəm verdiyinin göstəricisidir. Bu siyasi konfiqurasiya birmənalı olaraq Azərbaycan üçün yeni üfüqlər, yeni imkanlar deməkdir. Düşünün, Rusiya və Ukraynadan əgər Çin malları Aropaya iki ay müddətində çatırdısa, bu gün Zəngəzur dəhlizi vasitəsi ilə Avropaya 15 günə çatacaqdır. Bu həm zaman baxımından həm iqtisadi baxımdan Avropa üçün daha əlverişlidir. Avropa Birliyi Cənubi Qafqazı Rusiya monopoliyasından çıxarmaq niyyətindədir. Cənubi Qafqazın geiosiyasi baxımdan əhəmiyyətini nəzərə alaraq, bu gün Avro Atlantik strukturların açıq aydın Cənubi Qafqaza girmək istədiklərini müşahidə etmiş olarıq.”

Ülkər Fərmanqızı\voicepress.az\