Neft Emalı Zavodunda layihə üzrə işçi heyəti niyə azaldılıb? – SOCAR cavablandırdı

21 Aprel, 13:37

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri (layihə) davam edir.

Voicepress.az xəbər verir ki, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən bildirilib ki, əsaslı təmir işləri bitdikdən sonra layihə çərçivəsində tikintisi bitmiş qurğuların Baş Podratçılar tərəfindən planlı şəkildə istismara buraxılması həyata keçirilir. Bununla əlaqədar layihəyə cəlb edilmiş tikinti şirkətlərinin iş həcmində azalmalar başlayıb. Bu isə öz növbəsində tikinti şirkətləri tərəfindən layihəyə cəlb edilmiş işçi heyətinin zamanla azalması ilə müşahidə olunur.

Qeyd edək ki, bu cür layihələrdə podratçılar və tikinti şirkətləri tərəfindən cəlb edilən işçi qüvvəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müddətli əmək müqavilələri imzalanır. Belə ki, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqaviləsi imzalana bilər. Müddətli əmək müqavilələrinin şərt və müddəalarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən müddət bitdikdə layihəyə cəlb olunmuş işçi qüvvəsinin azalması baş verir.

Tikinti şirkətləri ilə onların sabiq işçiləri arasında olan münasibətlər mövcud qanunvericiliyə əsasən, SOCAR-ın və onun istənilən törəmə müəssisəsinin məsuliyyət dairəsinə aid deyildir. Eyni zamanda, bu kimi halların olmaması və aradan qaldırılması üçün SOCAR tərəfindən qanunvericilik çərçivəsində müəyyən işlər görülür.

Modernizasiya layihəsinin icra qrafikinə uyğun olaraq, hazırda zavodda aparılan əsaslı təmir işləri tamamlandıqdan sonra bu ilin ortalarından etibarən ölkədə ilk əvvəl “Avro 5” dizel istehsalının, daha sonra digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi nəticəsində 2023-cü ilin ortalarından etibarən “Avro-5” benzin istehsalının təmin olunması planlaşdırılır.