“Bəzən deyirlər ki, bazar iqtisadiyatında süni qiymət artımı olmur. Azərbaycanda bazar iqtisadiyyatının fundamental prinsipləri işləyir ki?! Bizdə manipulyasiya hökm sürür”.
Voicepress.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib.
Deputat qeyd edib ki, Azərbaycan nefti baha satdığı kimi, xaricdən gətirilən malları da baha alırıq:
“Biz büdcədə neftin qiymətini 50 dollar götürmüşük. Lakin dünya bazarında neftin qiyməti 50 dollardan yuxarıdır. Bu gün Azərbaycan nefti büdcədə nəzərdə tutulan 50 dollarlıq səviyyədən iki dəfə baha satılır. Eyni zamanda biz xaricdən də gətirilən malların bir qismini baha alırıq. Biz nefti baha satdığımız kimi, xaricdən gətirilən malların da qiymətinin baha olması başadüşüləndir. Bir şeyi mütləq vurğulamaq lazımdır. Hazırda bir tendensiya gedir, daxili amillərin, vəziyyətdən sui-istifadə edilməsi və s məqamların hesabına qiymət artımını ört-basdır etmək üçün hər şeyi atırlar xaricdən gətirilən məhsulların qiymətinin artırılmasına. Amma məsələn, inflyasiya 10%-dirsə, onun hardasa 4%-i xaricdən gələn məhsulların, 2%-i Azərbaycan iqtisadiyyatında gedən proseslərin, yerdə qalan 4, hətta bəlkə 5%-i isə məmur sahibkarlığından doğan qiymət manipulyasiyalarının, süni qiymət artımının üzərinə düşür. Bəzən deyirlər ki, bazar iqtisadiyatında süni qiymət artımı olmur. Azərbaycanda bazar iqtisadiyyatının fundamental prisnipləri işləyir ki?!”
Sədr müavini bildirib ki, Azərbaycanda manipulyasiya hökm sürür:
“Həmin o manipolyaların vəziyyətdən sui-istifadə etməklə, qiymət artıımının hər faizi Azərbaycan vətəndaşlarının ailə büdcəsinə 400 milyon manatdan çox ziyan vurur. Yəni il ərzində hər bir Azərbaycan vətəndaşı 400 milyon manatdan çox vəsait itirir. Təsəvvür edin, o qiymət artımı 1-2% olmur. Əgər bahalaşma 4-5% təşkil edirsə, heçnədən Azərbaycan vətəndaşları il ərzində həmin o manipolyalara 2 milyard manatdan çox pul verir. Bu problemin qarşısı ən qısa zamanda öz həllini tapmalıdır”.
Deputat bildirib ki, bütün bunlar Azərbaycan xüsusiyyətlərində mütəşəkkil cinayətkarlığın bir növü hesab olunur:
“Süni surətdə qiymətlərin artırılmasını məmur sahibkarlığı törədir. Həmin manipolyalar milləti mütəşəkkil surətdə soyur. Deməli, bu, Azərbaycan qanunvericiliyi ilə mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə tətbiq edilən bütün üsulları bunlara tətbiq etmək lazımdır. Bu adamlar sadəcə qiyməti qaldırmır, onlar manipol vəziyyətindən istifadə edərək, məhsulların keyfiyyətini də aşağı salır. Bir tərəfdən qiyməti artırır, digər tərəfdən keyfiyyəti aşağı salır. Bu, sadəcə iqtisadi cəhətdən qüsur yox, bilavasitə, həmin iştirakçıların törətdiyi cinayətdir. Bu cinayətkarlar qanunvericilikdə nəzərdə tutulan ən sərt qaydalarla cəzalandırılmalıdır”.








