“Dünya Azərbaycanlılarının V Qurultayının işğaldan azad olunduğu dövrdə və Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var”. Millət vəkili Hicran Hüseynova Voicepress.az-a açıqlamasında söyləyib.
Millət vəkilinin sözlərinə görə, uzun illər idi ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir nisgillə, həsrətlə yaşayırdılar.
“Soydaşlarımız özlərini başqa başqa ölkələrdə rahat hiss edə bilmirdilər, xüsusilə də ermənilərin təkəbbürlü, özlərini qalib kimi aparmaları soydaşlarımız üçün çox ağır idi. Lakin bu gün soydaşlarımız artıq başlarını uca tutur, Qələbənin gətirdiyi sevinci, qüruru yaşayırlar.
Şuşa hər zaman insanları, dəyərləri birləşdirən qədim, tarixi Azərbaycan torpağıdır. Və dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının iftixar hissidir. Azərbaycanın mədəniyyət paytaxtı öz doğmalarını böyük sevgi və məhəbbətlə qarşıladı. Dünya Azərbaycanlılarının Şuşada keçirilən sayca V Zəfər Qurultayında Azərbaycanın lobbiçilik və diaspor fəaliyyətinin daha da güclənməsi üçün yeni konsepsiya irəli sürüldü. Post müharibə dövründə diaspor təşkilatlarımızın fəaliyyəti nəzərdən keçirildi, yeni reallığa uyğun vəzifə və öhdəliklər müəyyən edildi.
Prezident İlham Əliyevin dediyi kimi: “Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.
Ölkə başçısı Zəfər Qurultayında proqram xarakterli çıxış edərkən Dünya Azərbaycanlılarının qarşısında bir çox mühüm və gələcəyə yönəlmiş məsələləri qeyd etdi. Eyni zamanda, çox ciddi mesajlar verdi. Bunların sırasında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdə olan məsələlərdən idi. Azərbaycan bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə sülh gündəliyi təqdim etdi, ancaq Ermənistandan hər hansı bir cavab gəlmədi.
Beynəlxalq təşkilatlar da, demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Azərbaycana qarşı hər hansısa bir ərazi iddiasının olmadığını, gələcəkdə də olmayacağını rəsmən bəyan etdi. Hesab edirəm ki, bu faktor postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik.
Bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu və Böyük dövlətlər – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Amerika Prezidenti, Böyük Britaniyanın Azərbaycanın bizim mövqeyimizi dəstəkləyir və postmünaqişə reallıqlarını qəbul etdir.
Hazırda iki ölkənin xarici işlər nazirləri, digər nazirlikləri işçi qrupları formalaşdırır və artıq yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır. Yenə də qeyd etmək lazımdır ki, Azərbaycan bu təklifi irəli sürməklə bir daha öz niyyətini göstərir. Zəfər Qurultayında Prezident İlham Əliyev bir daha bildirdi ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır.
Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.
Ona görə də Ermənistan imza ataraq götürdüyü öhdəlikləri yerinə yetirməli, sülh yaratma prosesinə maneə yaratmamalıdır. Ermənistanda Azərbaycanafobi təbliğatına son qoyulmalıdır”.-dedi.
Ülkər Fərmanqızı/Voicepress.az







