Son illərdə yeniyetmələr arasında intihara cəhd halları diqqətə çarpacaq qədər artıb. 2019- cu ilin aprelində özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyeva hadisəsi təssüf ki, nə valideynlərə, nə müəllimlərə dərs olmadı. Bu il martın 3-də Xudatda, 10-cu sinif şagirdinin intihar xəbəri yayıldı. Yeniyetmənin intihardan əvvəl yazıb qoyduğu məktubdakı sözlər belə idi” “Məni düzgün başa düşmürlər. Yaxınlarımdan, oxuduğum məktəbdən narazıyam”.
Son bir neçə ildə imtahan nəticələri yaxşı olmayan abituriyentlər çıxış yolunu intihar etməkdə görürlər. Martın 31-də Bakıda 15 yaşlı qız imtahandan az bal toplayacağı düşüncəsindən girdiyi stressdən çıxa bilməyib və özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Məktəblilərin intihar xəbərləri artıq valideyn və müəllimlər üçün həyəcan siqnalı olmalıdır.
Uşaqların böyüdüyü ailə modeli, valideynlərin uşağa münasibəti uşağın gələcəkdə bir fərd kimi necə yetişəcəyinə dair ipucu verir. Ancaq çox vaxt evdə valideynlər, məktəbdə müəllimlər uşaqların davranışlarını tələsik qiymətləndirir. Əgər tərbiyə üsulunuz tənqidlərlə, müqayisələrlə, təzyiqlərlə doludursa övladınızı yetkinlik çağında hansı təhlükələr gözləyir?
Voicepress.az bu mövzuda mütəxəssislərin fikirlərini öyrəndi.
“Müəllimlər psixoloji testlərdən keçdikdən sonra məktəblərə buraxılsınlar”
Psixoloq Könül Telmanqızı tənqidlərə, müqayisələrə məruz qalan uşaqlar yetkinlik çağlarında özgüvənsiz, qorxularına qalib gələ bilməyən, ünsiyyət problemli fərdlərə çevrilirlər:

“Əvvəlcə onu qeyd edim ki, valdeyn- övlad münasibətinin əsası necə qoyulursa uşağın psixologiyası da o cür formalaşır. Əgər uşaq evdə hərhansı bir psixoloji travmalarla üz-üzə qalırsa və bu travma eyni şəkildə məktəbdə də davam edirsə uşağın artıq gələcəyi sözün əsl mənasında təhlükə altında olur. Burada artıq müəllim-valideyn-övlad uçbucağının doğru şəkildə qurulması mütləqdir. Uşaq, həm evdə, həm məktəbdə dayanmadan təhqir olunur, müqayisə eşidirsə və bu sistemli şəkildə baş verirsə uşaqlarda ciddi psixoloj problemlərə yol açır. Bu cür uşaqlar digər uşaqlarla ünsiyyətdən qaçır, özünə qapanma halları müşahidə olunur. Qorxularını idarə edə bilmir, ətrafa qarşı aqressiyalı olur və s.
Evdə bu hal yaşanırsa valideyn- uşaq arasında problemlər baş qaldırır və bir çox hallarda valideynlər bu problemlərə ciddi yanaşmır. Uşaqda müqayisə olunduğu uşağa qarşı nifrət formalaşır. Hətta bəzən elə olur ki, uşaq mütəmadi müqayisə olunduğu uşaqla əvvəllər çox yaxın dostluq edib, amma valideynlər o uşağı örənək göstərdiyi üçün uşağın yoldaşına münasibəti mənfiyə doğru dəyişir.

Əgər məktəbdə bu hal yaşanırsa uşağın sosial mühitə adaptasiyası pozulur. Yetkinlik yaşına çatanda uşağın heç bir işin öhdəsindən gələ bilməmək kimi qorxuları yaranır. Düşünürəm ki, evdə də, məktəbdə də olunan səhv müqayisələr, müəllimin, valideynin öz yanaşmasından yola çıxaraq uşağı bu müqayisələrlə oxumağa cəlb etməsi yanlışdır. Mən tələb edərdim ki, müəllimlər psixoloji testlərdən keçdikdən sonra məktəblərə buraxılsınlar. Çünki müəllimin uşaqla rəftarında yol verdiyi səhv hərəkətlər, yersiz müqayisələr, tənqidlər, ayrı-seçkilik halları, uşağa müraciət forması uşaqlarda ciddi psixoloji travmalara yol açır. Ümumilikdə müəllim uşaq psixologiyasına dərindən bələd olmalıdır. Əgər müəllim uşağa öz fənnini sevdirmək istəyirsə birinci uşağa özünü sevdirməlidir. Çünki uşaqlar çox həssas olur. Onlar ən adi şeydən kövrələ, travma ala bilərlər. Uşaqlar fərd olaraq fərqlidirlər. Ona görə də müəllim fərd olaraq hər bir uşağa fərqli yanaşmalıdır. Uşağın psixologiyasına zərbə vurmadan elmi onlara düzgün şəkildə aşılamalıdır. Əgər müəllimlər uşaqlara bu şəkildə yanaşarlarsa gələcəkdə həmin uşaqlar sosial mühitdə sağlam olacaq, ünsiyyət problemləri olmayacaq, özgüvənli olacaqlar. Bu dediklərim ev mühitində valideynlər üçün də keçərlidir. Valideynlər övladları ilə dost olmalıdır. Əgər valideyn düzgün yanaşma edərsə valideyn -övlad münasibətini düz qurasa, “sən etdin”, “sən bacara bilərsən”, “sən bacarmadın” kimi cümlələr qurmadan uşağa yaxınlaşarsa bu gün intihar kimi dəhşətli hadisələr baş verməz.

Bu cür sözlər uşaqlara mənfi təsir göstərir. Valideyn, müəllim oxu deyə təzyiqlər göstərməməlidir uşaqlara. Valideyn, müəllim uşağa “oxu” sözünü nə qədər çox deyərsə, uşaq təhsildən bir o qədər uzaqlaşacaq. Xüsusilə qeyd edim ki, lap uşaq yaşlarında aldığı travmalar ən çox yetkinlik çağlarında baş qaldırır. Bu cür travmalı uşaqlarda yetkinlik çağına çatanda özgüvən problemi baş qaldırır daha sonra aqressiyaya keçid edir və bu aqressiya onları hətta intihara qədər sürükləyir. Ona görə də valideynlər müəllimlər uşaqlara bu cür travmalar yaşatmamalıdır.”
“Uşaqlara şəxsiyyət kimi yanaşmaq lazımdır”
Psixoloq Rövşən Nəcəfov isə Azərbaycan cəmiyyətində uşaqlara şəxsiyyət kimi yanaşmaq problemi olduğunu bildirir:

“Davamlı tənqid olunan uşaqlar yetkinlik çağında başqalarının da etdiyi bütün müsbət davranışlara neqativ yanaşacaq. Çünki, tənqid və ya buna oxşar digər anlayışlar insan üçün adiləşməməlidir.
Uşaqların davranışlarında uyğunsuzluq müşahidə etmək olar, amma məntiqsiz olduğunu düşünməməliyik. İstənilən neqativ davranışın mütləq bir səbəbi var. Uşaqlara şəxsiyyət kimi yanaşmaq lazımdır. Onun da səhv etmək haqqı olduğunu dərk etməliyik. Uşaqlarla empatiya qurmalıyıq və empatiya qurduğumuzu onlara hiss etdirməliyik. Bütün problemlərin çıxış yolu dialoqdur. İstənilən yaşda insanın fikrini ifadə etməyə ehtiyacı var. Qarşı tərəfin fikrini ifadə etməsinə qarşı olsaq, o zaman qarışıqlıq yaranacaq. Uşaq böyüdükcə yaranmış qarışıqlığın içində özünü ifadə etmək istəməyəcək və ya edə bilməyəcək.

İnsanın şəxsiyyət kimi formalaşması üçün sağlam mühit formalaşmalıdır. Ailədə uşağın şəxsiyyət kimi formalaşması üçün valideynlər həmin sağlam mühiti formalaşdırmalıdırlar. Valideynlər davranışlarında nəyi adiləşdirsələr, uşaq üçün də həmin davranışlar adiləşəcək. Yəni, hər gün şiddət görən uşaq şiddətin adi hal olduğunu düşünəcək və gələcəkdə başqalarının da həyatına şiddət göstərəcək. Uşaqları sevgi ilə böyütməyi öyrənməliyik, daha sonra isə bacarmalıyıq.”
23 ildir pedaqoji fəaliyyətlə məşğul olan Elnaz Eyvaz isə hesab edir ki, valideynlərin əksəriyyəti övladları ilə doğru münasibət qura bilmir:

“Uşaqlara yetərincə sevgi vermirlər zaman ayıra bilmirlər. Təbii ki, bu problemləri sosial qayğılarla əlaqləndirmək olar. Mühit elədir ki, diqqət əskikliyi olduqda uşaqlar tez yayınır və xoşagəlməyən hallar baş verir. Üstəlik məktəblərdə uşaqların psixologiyası ilə ciddi məşğul olmaq məsələsi hələ də kölgədədir. Ən azından buraxılış imtahanlarına hazırlaşan uşaqlarla vaxtaşırı psixoloqlar söhbət etməlidir. Zaman- zaman valideynlər başa salmalıdır ki, imtahan nəticəsi, tələbə ola bilməmək hələ həyatın sonu deyil. Həyat bunlardan ibarət deyil. Bir çox valideynlər uşaqları çox sıxışdırırlar ki, qəbul olmasan evdən çölə qoymayacam, qızlar üçün xüsusuilə düşünülmüş bir fikir var. “İmtahandan kəsilsə verəcəm ərə”. Bu kimi hallar gətirib uşaqların özünə qəsd etməsinə çıxarır.”
“Media intihar edən şagirdi günün qəhrəmanına çevirir”
Müasir dövrün uşaqları ilə keçmiş dövrün uşaqları arasında ciddi fərqlər olduğunu vurğulayan Elnaz Eyvaz indiki uşaqların informasiya bolluğunda yaşadığını və medianın bu baxımdan xüsusi həssaslıq göstərməli olduğunu bildirib:
“Bizim dövrün uşaqları ilə indiki dövrün uşaqları arasında çox fərq var. O fərqlərdən biri də odur ki, indiki uşaqların informasiya əhatəsi çox genişdir. Bizim dövrümüzdə cəmi iki televiziya kanalı var idi. Ona da saat 9-10-dan sonra baxmağa icazə yox idi. Dərslərimizi oxuyub yatırdıq. Bilmirdik ki, insan özünü öldürə bilər. İndki uşaqların informasiya bolluğu var. Bu məsələdə medianın da böyük rolu var. İntihar edən uşaqları bir növ günün qəhrəmanına çevirirlər. Bu da uşaqların zəif psixologiyasına ciddi təsir edir və fikirləşirlər ki, mən də özümə nə isə etsəm qəhrəman olacam, hamı məndən danışacaq. Bir gənc, məktəbli intihar edəndə bütün media tökülür intihar edən insanın ailəsinin üstünə. Tutaq ki, o uşaq pis yolda olub, pis vərdişlərə qurşanıb, əxlaqsız həyat tərzi keçirib. Bütün bunları detallı şəkildə mediada yayımlamağı doğru hesab etmirəm.”
Elnaz xanım psixoloji problemi olan, davranış pozuqluğu olan şagirdlərinə xüsusi diqqət göstərdiyini deyir:

“Artıq 23 ildir pedaqoji fəaliyyətlə məşğulam. Bu müddət ərzində şagirdlərim arasında psixoloji problemi olan uşaqlarla qarşılaşmışam. Mən öz təcrübəmdən danışacam. O cür uşaqlarla xüsusi davranıram. Çünki onlar xüsusi diqqət istəyir. İndi də şagirdlərimin içərisində elə uşaqlar var. Bəzən görürsən hansısa hərəkətləri, dərsə mane olmaları adamı hövsələdən çıxarır. Amma həmən vaxt fikirləşirəm ki, sinifdə bu cür uşaq təkdir və onu digər uşaqların yanında danlamaq, üstünə qışqırmaq onu daha aqressivləşdirər. Əgər sinifdə 20 şagird özünü normal aparır, biri fərqlidirsə diqqəti o uşağa yönəltmək lazımdır. Bütün şagirdlərimə diqqət və qayğı ilə yanaşıram, amma bu cür psixoloji narahatlığı olan uşaqlara ikiqat artıq diqqətlə yanaşıram.”
Müəllimin, valideynin uşaqları digər uşaqlarla müqayisə etməyin doğru olmadığını və pedaqoji fəaliyyətində buna heç vaxt yol vermədiyini deyir Elnaz. Eyvazlı:
“Təkcə müəllim-şagird münasibətində deyil, ümumiyyətlə insanları başqa insanlarla müqayisə etmək olmaz Valideynlər də bunu çox edir və qəti şəkildə əleyhinəyəm. Valideyn iclaslarında da bunu hər zaman deyirəm ki, uşaqlarınızı el dilində desək “xalqın uşaqları” ilə müqayisə etməyin. Çünki bu uşaqda müqayisə olunan uşağa qarşı kin və nifrət hissi yaradır. Səbəbsiz yerə kiməsə nifrət edir bu da onlara əziyyət verir. Eyni zamanda özgüvənsizlik yaranır uşaqlarda”.
Psixoloqların fikirlərindən bu nəticəyə gəlmək olar ki, biz övladlarımızı əvvəlcə özümüzdən qorumalıyıq. Özümüzü
Özümüzü profilaktik tənqiddən çəkindirməliyik. Onlara hərhansı bir məsələdə təzyiq göstərməkdən qorxmalıyıq. Eybi yox, qoy onlar elmi bir qədər ləng öyrənsinlər. Amma özlərinə olanı inamı itirməsinlər. Uşaq həm uğur qazananda, həm də səhv edəndə daim valideyn sevgisini hiss etməlidir. Sonda fikrimi məşhur amerikalı yazıçı və ailə psixoloqu Doroti Noltinin şeiri ilə yekunlaşdırmaq istəyirəm:
Əgər bir uşaq
Davamlı tənqid olunmuşsa
Qınamağı, ayıblamağı
Kin ortamında böyümüşsə
Dava etməyi,
Kiçimsənibsə
Sıxılıb, utanmağı,
Mütəmadi utandırılaraq tərbiyə edilmişsə
Özünü günahlandırmağı öyrənər.
Əgər bir uşaq
Xoşgörü ilə yetişdirilmişsə
Səbirli olmağı,
Dəstəklənib ürəkləndirilmişsə
Özünə güvnməyi,
Bəyənilib, fəxr edilibsə,
Təqdir etməyi
Haqqınsa hörmət edilərək böyüdülübsə,
İnamlı olmağı,
Qəbul və təsdqi görübsə,
Özünü sevməyi,
Ailə içində dostluq və doğmalıq görübsə
Bu dünyada xoşbəxt olmağı öyrənər.
Günel Musa\voicepress.az\







