Tədqiqatçıdan ikili standartlara etiraz: “Xocalıda soyqırım olanda, niyə sanksiya tətbiq etmədiniz?”

28 Mart, 11:50

“Əfqanıstanda 1 milyon, Suriyada 2 milyon, İraqda 5 milyon insan öldü. Dünya yerindən tərpənmədi”.

Voicepress.az-ın verdiyi xəbərə görə, bu sözləri Türk Dünyası,  xüsusilə Şərqi Türküstan üzrə tədqiqatçı, Avrasiya Türk Dərnəkləri Federasiyasının Qurucu sədri İsmayil Çingiz söyləyib.

Tədqiqatçının sözlərinə görə, baxmayaraq ki, Ukraynada 10 min insan belə ölməyib,  az qala dünya ayağa qalxdı.

İsmayıl Çingiz hər gün Allaha, Ukrayna məsələsində daha çox insan təlafatı olmaması üçün dua etdiyini vurğulasa da, yenə də, dünya birliyinin biganə qalmamasına həm sevindiyini, həm də bir  az üzüldüyünü söyləyir: ““Mastercard visacard” kartlarının istifadəsi ləğv edildi. Banklar əməliyyatları dayandırdı, birjalar biganədir. Amerika və Avropa hava məkanlarını rus təyyarələri üçün bağladı. Moskvaya qarşı hər sahədə iqtisadi, siyasi və hərbi embarqo tətbiq edildi. Dünya birliyinin Ukraynadakı qətllərə biganə qalmaması yaxşı haldır. Amma mən yenə də, başa düşmürəm və ədalətin harada olduğunu bilmirəm. Bilən və ya anlayan varsa mənə bildirsin. Axı milyonlar ölərkən siz avropalılar harda idiniz? Xocalıda soyqırım olanda, Kərkükdə türkmənlər qırılanda niyə sanksiya tətbiq etmədiniz?” deyərək, tədqiqatçı İsmayıl Çingiz ikilistandartları qınadı.

 \voicepress.az\