“Türkiyə ilə İsrail arasında Azərbaycanın vasitəçiliyi ilə danışıqların getməsi artıq beynəlxalq səviyyədə etiraf olunur”.
Bunu Voicepress.az-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova İsrail Prezidenti Hersoqun Anakaraya səfəri ilə bağlı fikirlərini bildirərkən söyləyib. O, qeyd edib ki, bu səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir:
“Martın 9-da İsrail Prezidenti Hersoq Ankaraya səfərə gələrək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirdi. İlk növbədə bu, İsrail Prezidenti qismində son 14 ildə Türkiyəyə ilk gəlişdir. Sonuncu dəfə 2008-ci ildə Prezident Şimon Peres Türkiyəyə səfər edib. İki gün davam edən bu səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir. Yeni əməkdaşlıq münasibətləri, xüsusilə Aralıq dənizindəki gərginliyi azalda, mövcud vəziyyəti tamamilə dəyişə bilər, tərəflər üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını ortaya qoya bilər. Türkiyə ilə İsrail arasında əməkdaşlıq üçün çoxşaxəli perspektivlər mövcuddur. Regionun iki inkişaf etmiş müasir dövlətinin faydalı münasibətləri təkcə qarşılıqlı əlaqələr baxımından deyil, bölgədə çoxtərəfli əməkdaşlıq üçün də səmərəlidir. Biz bunu dövlət başçılarının birgə keçirdikləri mətbuat konfransında müşahidə etdik. İsrailli həmkarı ilə səmərəli müzakirələr apardıqlarını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu tarixi səfərin Türkiyə-İsrail münasibətlərində yeni dönüş nöqtəsi olacağına inanır. Əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirdik. Həmçinin Fələstin məsələsində həssaslığımızı bir daha açıq şəkildə ortaya qoyduq.
İsrail Prezidenti İshaq Hersoq bildirib ki, məqsədimiz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin genişlənməsinin təməlini qoymaqdır. Biz birlikdə gələcəyə baxmaq yolunu seçmişik. Anlaşılmazlıqları gələcəyə baxaraq aradan qaldıracağıq. Dövlət başçıları enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Həmçinin Türkiyə hökumət üzvlərinin İsrail və Fələstinə səfəri ilə bağlı razılıq əldə olunub.
Mövcud beynəlxalq siyasi nizamın çalxalanması dövlətlərin təhlükəsizlik strategiyasını yeni formatda hazırlanması zərurətini ortaya qoyur. Bu mənada Türkiyə ilə İsrailin bir-birinə yaxınlaşması mübahisəli regional məsələlərin həlli üçün yeni bir formuldur.
Siyasi münasibətlərin gücləndirilməsi üçün iqtisadi münasibətlərin həcmi böyüməlidir. Ötən il Türkiyə ilə İsrail arasındakı ticarət dövriyyəsi 8,5 milyard dollar təşkil edib. Ancaq hər iki ölkənin hədəfi budur ki, ən azından 2022-ci ildə ticarətin həcmi yüksələrək 10 milyard dollar olsun. İsrail və Türkiyə arasında mövcud əlaqələrin normallaşmasında enerji faktoru olduqca önəmlidir.
Beləliklə, İsrail və Türkiyə arasındakı bütün problemlər səngiməkdə, iki dövlətlər arasındakı münasibətlərdə yeni səhifələr açılmaqdadır. Bu məsələdə Azərbaycan Respublikasının rolunu xüsusi qeyd etmək vacibdir. Ölkə Prezidentinin İsrail-Türkiyə münasibətlərinin bərpasında həlledici rolu olub. 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə ilk gündən siyasi və mənəvi dəstək göstərib, eyni zamanda, İsrail də Azərbaycanın qələbə qazanmasında xüsusi rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyev bu iki müttəfiqi arasında münasibətlərin düzəlməsi üçün cəhdlər edirdi. Türkiyə ilə İsrail arasında Azərbaycanın vasitəçiliyi ilə danışıqların getməsi artıq beynəlxalq səviyyədə etiraf olunur. Rəsmi Bakı üçün bu danışıqların müsbət sonluqla yekunlaşması son dərəcə önəmli idi. Xarici siyasətdə çevikliyi ilə seçilən Türkiyə bu problemin aradan qalxmasının ölkənin maraqlarına uyğun olduğunun fərqindədir. Ona görə də əminliklə demək olar ki, İsrail prezidentinin bu səfərini Azərbaycanın vasitəçiliyi ilə Türkiyə ilə İsrail arasında gedən danışıqların müsbət nəticəsi kimi dəyərləndirmək olar. Azərbaycanın İsraillə yaxşı münasibətləri var, Türkiyə isə bizim müttəfiqimizdir. Əlbəttə ki, İsrail və Türkiyə əməkdaşlığının yaxşılaşması region üçün çox vacibdir. Heç şübhəsiz ki, bu, həm də Azərbaycan diplomatiyasının beynəlxalq səviyyədə böyük uğuru sayılacaq.
\Voicepress.az\