Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində “Zərif güclülər” mövzusunda konfrans keçirilib.
Voicepress.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış simaları, diaspor fəalları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Konfransda çıxış edən layihənin müəllifi, teleaparıcı Rövşanə Ağasəfqızı, layihənin koordinatoru, jurnalist Afaq Vasifqızı, hüquqşünaslar Zeynəb Dəniz Altınsoy və Ləman Süleymanlı mövzu ətrafında fikirlərini bölüşüblər. Azərbaycan və Türkiyədə qadının fədakarlığından geniş bəhs edən çıxışçılar diqqətə çatdırıblar ki, qadınlarımız hər zaman kişilərlə çiyin-çiyinə, mərdliklə vətənin və dövlətin keşiyində olublar. Bu qəhrəmanlıq 44 günlük Vətən savaşında bir daha bütün dünyaya nümayiş olunub.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Aygün Qocayeva, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və başqaları qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda rolunun daha da artırılması üçün görülən işlərdən, gələcək planlardan danışıblar.
Diqqətə çatdırılıb ki, iki qardaş ölkədə qadın əməyinə verilən yüksək dəyər “zərif güclülər”in hər zaman fəal olmasına stimul verir.