ƏSLİ KAZIMOVA: “VƏTƏNDAŞ FAKTORU DÖVLƏTİMİZ ÜÇÜN OLDUQCA ÖNƏMLİDİR”

27 Sentyabr, 10:45

 

VOİCEPRESS.AZ Azərbaycan Sosial Rifah Partiyasının sədri  Əsli Kazımova ilə müsahibəni təqdim edir: 

-Əsli xanım, ilk olaraq ondan başlayaq ki, ölkədə tək xanım partiya sədrisiz. Bir xanım olaraq siyasətdə digər partiyalarla mübarizə aparmaq sizə çətin gəlmir?
– Partiyaların mübarizə aparması anlayışını mən qəbul etmirəm. Partiyalar arasında mübarizə 90 cı ilin əvvəllərində idi. Ölkədə sözün əsl mənasında hərc mərclik höküm sürürdü. Bu gün partiyalar arasında sağlam rəqabət var. Bu kürsü üstündə mübarizə deyil. Bu gün hər bir partiyanın bir nömrəli vəzifəsi dövlətə və xalqa xidmət etməkdir. Bununla yanaşı qeyd etmək gərəkir ki, bu gün Azərbaycanda partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişləndirilir. Bu tendensiya isə birmənalı olaraq, Azərbaycanda siyasi münasibətlərin, xüsusən də partiyalararası əlaqələrin sağlam zəmində qurulması işində önəmli addımlar atılmasına böyük tövhə verir. Bu gün ölkədə bəzi siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamaya bilər və bu normal hal kimi qəbul edilir. Amma bu heç bir şəkildə partiyalarararsı mübarizə olaraq anlaşılmamalıdır. Digər tərəfində mübarizə seçki ərəfəsində müşahidə edilə bilər. Həmin mübarizənin isə tək qalibi seçicidir, partiya deyil, deyə düşünürəm.

-İxtisasınız iqtisadiyyat, fəaliyyətinin isə siyasidir… İqtisadiyyatdan siyasətə keçid etməyə necə qərar verdiniz? Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimsiz, siyasi fəaliyyətlə eyni zamanda həm də müəllimlik fəaliyyətini necə tənzimləyirsiz?

-Mən sizin bu sualınızla razı deyiləm. Mən iqtisadçıyam və bunu inkar etmirəm. Amma mən eyni zamanda illərdir palamentdə təmsil olunan qabaqcıl partiyanın sədriyəm. Belə olan halda istər istəməz siyasətin içində olmalıyam. Digər tərəfdən hər bir sahədə, bu istər mədəniyyət sahəsi olsun, istərsə də iqtisadiyyat sahəsi hər birinin siyasi tərəfləri də var. Parlamentimizin tərkibində belə ixtisasca həkim və sairə ixtisasın nümayəndələri var ki, onlar da siyasətdə təmsil olunur. Hesab edirəm ixtisas faktoru siyasətlə məşqul olmağa heç bir halda mane ola bilməz. Yetər ki, dünyagörüşü olsun.

-Son parlament seçkilərində namizəd oldunuz, amma seçilmədiniz… Eyni zamanda namizəd olduğunuz 80 saylı İmişli-Beyləqan dairəsin nəticələri də ləğv olundu. Bu sizdə siyasətə olan həvəsi azaltdımı?

-Biraz öncə də, qeyd etdim. Seçki bir siyasi mübarizə marafonudur. Amma qalib seçicidir. Ölkədə kimin seçilməyindən asılı olmayaraq, seçici qazanmalıdır. Çünki vətəndaş faktoru dövlətimiz üçün olduqca önəmlidir. Bəli seçki zamanı saxtakarlığa yol verildi. Ölkədə aparılan köklü islahatlar sayəsində isə ədalətli qərar verildi və seçki nəticələri ləğv edildi. Biz seçkidə məğlub ola bilərik, amma Azərbaycan Sosial Rifah Partiyası hər zaman xalqın və seçicinin yanındadır. Seçkidə qazanmasaq da, partiyamızın rayon təşkilatları seçicilərimizlə və partiya üzvlərinin problemləri ilə tez tez maraqlanır.

-Seçki ərəfəsində sizinlə bağlı mətbuatda müxtəlif ittihamlar sələndi. Necə düşünürsüz, bunlar rəqiblərinizin sizə qarşı hazırladığı kampaniya idi, yoxsa başqa səbəblər var idi?

-Bilirsiniz, belə bir fikir var bir insanı heç kəs sevə bilməz və bir insana hər kəs nifrət də edə bilməz. Bu aksiomadır. Başqacür ola da bilməz. Bu tendensiya isə siyasətdə daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə seçki ərəfəsində. Diqqət etdinizsə, mən namizəd olsam da, heç bir qərəzli fikirlərə münasibət bildirmədim. Əminəm ki, xalqımın gözü tərəzidir, hər zaman əyrini və doğrunu birbirindən ayıra bilir. Yalan ayaq tutub yeriməz deyib atalarımız. Ona görə də, əssassız olan nə varsa gec-tez ifşa olunur və həqiqət öz yerini alır…

-Partiyanızın vikipediya səhifəsində rəsmi üzvlərin sayı min nəfər göstərilir… Bir partiya üçün bu az deyilmi?
– Vikipediyada bir çox məlumatlar səhvdir və ya yenilənməyib. Yaxın zamanda Partiyamızın rəsmi websaytı da istifadəyə veriləcək. Orada onlayn üzvlük və sairə kimi faktorlar nəzərə alınıb. Bu kimi dəqiq məlumatlar dəqiqliyi ilə hər kəsin görə biləcəyi şəkildə yayınlanacaqdır.

-Azərbaycan Sosial Rifah Partiyasına atanızdan sonra sədrlik etmək necə hisdir? Sizdə hansı dönəm daha uğurludur?
-Partiyanın qurucusu mənim atam Xanhüseyn Kazımlıdır. Mən bununla fəxr edir və qürur duyuram. Bu gün mənim üzərimə iki qat məsuliyyət düşür. İlk növbədə Dövlətimə, Vətənimə və Xalqıma xidmət etməkdir. Digər tərəfdən atam Xanhüseyn Kazımlının qurucusu olduğu partiyaya layiqli şəkildə sədrlik etmək və seçiciləriməgərəkli dəstəyi verə bilməkdir.

-Partiyanız 2000-ci ildən etibarən 20 il müddətinə, yəni son seçkilərə qədər parlamentdə təmsil olunub. Bu isə parlament partiyası olaraq qanunlara uyğun olaraq dövlətdən büdcəsindən maliyyə almanız deməkdir. Hazırda isə parlament təmsilçiliyiniz yoxdur, yalnız 3 bələdiyyə üzvünüz var. Bəs partiyanın maliyyə məsələlərini indi necə həll edirsiz?

-Hazırda Partiyamız deyə bilərik ki, ictimai əsaslarla fəaliyyət göstərir. Biz dövlətə öz təkliflərimizi də vermişik. Hesab edirəm maliyələşməyən partiyalar dövlətlə müəyyən layihələr həyata keçirə bilər. Düşünürəm ki, bu kimi layihələr həm maliyələşməyən partiyaların fəaliyyətinə dəstək vermiş olardı, həm də parlamentdə təmsil olunmayan siyasi partiyaların daha aktiv olmasına tövhə vermiş olardı.

 

Ülkər  Fərmanqızı