Əsli Kazımova şəhid ailələrinə baş çəkdi…

5 Fevral, 11:24

VOİCEPRESS-in verdiyi xəbərə görə, Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən  namizədliyini irəli sürdüyü Əsli Kazımova  seçki kampaniyası çərçivəsində İmişli rayonu sakinləri olan bir çox şəhid ailələrini ziyarət edib.

Şəhid ailələri və veteranların sosial problemlərinin həlli məsələsinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fəaliyyətinin ən önəmli hissəsini təşkil etdiyini nəzərə alaraq, Əsli Kazımova namizədi olduğu sahənin bütün şəhid ailələrinin hər birinin  problemlərini dinləyib, onların qayğıları ilə yaxından maraqlanıb.

Qarabağ savaşlarında şəhid olmuş, Şəhid Qurbanov Teyyub Həsən oğlu, Şəhid Qurbanov Hüseynov Eyvaz Bəylər oğlu,  Şəhid  Abbasquliyev Arif Teymur oğlu, Şəhid Aslanov Rafiq Heydər oğlu, Şəhid Hüseynov Sənan Hüseyn oğlunun ailəsinə baş çəkərək, problemləri ilə yaxından tanış olub.

Xanım Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə ayırdığı diqqətdən, dövlət rəhbərinin şəhid ailələrinə göstərdiyi qayğıdan, onlar üçün hazırda mövcud şəraitin günü gündən yaxşılaşdırılması üçün görülən işlərdən bəhs edən namizəd Əsli Kazımova bundan sonra bu yolda Cənab Prezident İlham Əliyeva və xanım Mehriban Əliyevaya yardımçı olacağını bildirib.

Əsli Kazımova  millət vəkili seçildiyi gündən etibarən şəhid ailələrinin Parlamentdəki elçisi və vəkili missiyasını layiqincə yerinə yetirə bilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Şəhid ailələri isə namizədin Murovdağın şaxta və ayazında belə səngərdə əsgərlə bərabər  bayram günlərini qeyd etməyə hər zaman üstünlük verən,  hər zaman hər şəhid üçün ən az onun valideynləri qədər kövrəlib duyğulanan Xanhüseyn Kazımlı kimi bir şəxsiyyətin davamçısı olmasını alqışlayaraq, səslərini Əsli Kazımlıya verəcəklərini söyləyiblər.