VOİCEPRESS-in verdiyi xəbərə görə, Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Əsli Kazımova seçki kampaniyası çərçivəsində İmişli rayonu sakini, Qarabağ uğrundakı döyüşlərdə gözdən əlil olmuş, veteran Şükürov Ehtiram Süleyman oğlunu ziyarət edib.
Sosial yaşam tərzləri, yaşadıqları şəraitlə tanış olaraq, dövlət tərəfindən ayrılan müavinətə qədər maraqlanan Əsli Kazımova, bu kimi vəziyyətlərdə uşaq pulunun verilməsinin mütləqliyini və bu məsələnin tezliklə öz həllini tapacağına dair, əlindən gələni edəcəyinə söz verərək, bu kimi önəmli və mühüm məsələlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın olduqca həssas yanaşdığını bildirib.
Daha sonra, gözlərini Vətən uğrunda itirən veteranın, bu gün öz övladlarının üzünü görə bilməməsini, hər kəsin arzu etdiyi kimi övladının şad günlərini daha heç bir zaman görməyəcəyini düşünən Əsli Kazımova veteranın övladlarını qayğı ilə qarşılayıb, hər birinin təhsili ilə maraqlanıb.
Uşaq pulu məsələsinin xüsusilə rayonlarda olduqca gərəkli olduğunu vurğulayan Əsli Kazımova bu məsələnin Vətən uğrunda əlil olan fiziki qüsurlu veteranlar və şəhid ailələri üçün daha çox önəm kəsb etdiyini bildirib.
Sonda ailənin qayğısından və mövcud sosial problemlərdən bir yetişkin qədər hər şeyin fərqində olan, uşaq olduqlarını belə bir anlıq unudan veteranın övladları ilə görüşə gələn Əsli Kazımova, tez-tez onlara gələcəyini söyləyərək, hər bir çətinliyə rəğmən dərslərini yaxşı oxumalarını tapşırıb. Bu yolda onlara gərəkli yardımın olunması üçün adiyyatı orqanlara müraciət edəcəyini də diqqətlərə çatdırıb.








