Texasdakı gecə klublarının birində keçirilən konsert zamanı açılan atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
VOİCEPRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə bazar günü axşam saatlarında San-Antonio şəhərindəki “Ventura” klubunda baş verib.
“Klubda bir qrup şəxs arasında mübahisə düşdü. Bir nəfər silah çıxarıb, atəş açmağa başladı”, – deyə şəhərin polisinin başçısı Uilyam MakManus bildirib.
O qeyd edib ki, hadisə nəticəsində bir nəfər yerində ölüb, bir nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Atışma nəticəsində ölən və yaralananların hamısı klubun daimi müştəriləri olub.
Polis hazırda cinayət yerindən qaçmağı bacaran şübhəli şəxsi axtarır.