“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislava görüşü başlamadan nəticəsiz qalıb” – ŞƏRH

0
314219


Bu gün Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilir.

VOICEPRESS xəbər verir ki, bu, iki ölkənin xarici işlər nazirlərinin 2019-cu ildə 5-ci görüşüdür. Əvvəlki 4 görüşdən nəticə əldə edilməyib.

Görüş barədə fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, Bratislava toplantısından əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini ATƏT-in Nazirlər Şurasına təqdim edib:

“Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT və digər beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həllini məqbul sayır. Yəni münaqişə mərhələli şəkildə həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğala qon qoyulmalıdır. Sənəddə bildirilir ki, həll prosesinin növbəti mərhələsi Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsi əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir: “Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir”.

Bratislavadakı görüşdən əvvəl rəsmi Bakının belə bir bəyanat yayınlanması o deməkdir ki, Azərbaycanın Ermənistanın heç bir şərtini və istəyini qəbul etməyəcək. Ermənistan hakimiyyəti də Bratislava görüşünə özünəməxsus şəkildə hazırlaşıb”.

E.Şahinoğlu xatırladıb ki, Bratislava görüşündən bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yenə Dağlıq Qarabağa gəldi. Orada separatçılarla fikir mübadiləsi apardı, Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşdü:
“Bu azmış kimi Paşinyan Dağlıq Qarabağın “xarici işlər naziri” Masis Mailyanı dekabrın 3-də İrəvana çağırdı. Paşinyan Bratislava görüşündən bir gün əvvəl iqamətgahında Ermənistanın və Dağlıq Qarabağın “xarici işlər naziri” birgə görüş keçirdi. Paşinyan Xankəndidə Mailyanla görüşmüşdüsə, bir gün sonra onu yenidən niyə İrəvana çağırdı? Bunun iki səbəbi var.

Birinci səbəb odur ki, bununla Paşinyan hamıya göstərir ki, onunla Qarabağ separatçıları arasında münaqişə və fikir ayrılığı yoxdur, separatçılar onunla hesablaşırlar.

İkinci səbəbi isə odur ki, Paşinyan “üçlü” görüş keçirməklə Bakıya və beynəlxalq aləmə mesaj göndərir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı separatçıların maraqlarına cavab verməlidir və İrəvanın mövqeyi Bratislavada bir daha səsləndiriləcək. Bunun özü göstərir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavadakı görüş başlamadan nəticəsiz qalıb”.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here